BAKI, 23 dek — Sputnik. Hazırda banklarda və pul dəyişmə məntəqələrində rubl-manat dəyişikliyi edilmir. İki ölkə arasında qarşılıqlı pul köçürmə əməliyyatlarında da problem yarandığı qeyd olunur. Rusiya ilə əlaqəsi olan vətəndaşlar vəziyyətin onları ciddi narahat etdiyini bildirirlər. Banklarda olan etibarlı mənbələrdən Sputnik-ə daxil olan məlumata görə, mövcud vəziyyət rublun məzənnəsinin tez-tez dəyişməsi ilə bağlıdır.
İqisadçı ekspert Natiq Cəfərli də problemin tək Azərbaycandan qaynaqlanmadığını söyləyib. Onun sözlərinə görə, manatın devalvasiyası çətinlik yaratsa da, Rusiyanın özündə də ciddi proseslər getdiyindən rublda tez-tez dəyişiklər olur:
"Rusiyada ciddi proseslər gedir. Rublun gündəlik dəyişmə amplitudası xeyli artıb. Məzənnə tez-tez dəyişir. Gün ərzində, hətta bəzən günün əvvəlindən sonunadək rublun məzənnəsi dollara qarşı 1 rubl, 2 rubladək fərq edə bilir. Ona görə də heç bir bank riskə getmək istəmir, çünki günün sonunadək rublun məzənnəsi kəskin dəyişə bilir. Məntiqli və iqtisadi izahat ancaq bununla bağlı ola bilər".
Ekspert mövcud vəziyyətin Rusiya ilə qarşılıqlı əlaqəsi olan vətəndaşlara mənfi təsir göstərdiyini deyib:
"İki ölkə arasında pul köçürmələr xeyli dərəcədə azalıb. Böhran olana qədər Rusiyada yaşayan həmyerlilərimiz burdakı ailələrinə hər il ortalama 2 milyard dollara yaxın pul köçürürdü. İndi isə bu məbləğ 6-7 dəfə azalıb"
Natiq Cəfərli sonda əlavə edib ki, rubl-manat münasibətlərində problem davam etsə, yaxın gələcəkdə pul köçürmələri xarici valyuta ilə aparılacaq. Bu da Rusiya və Azərbaycanda yaşayan və əlaqələri olan vətəndaşlarda narahatlıq yaradacaq.