“Sputnik”in əməkdaşı ilə söhbətində ticarət obyektlərinin sahibləri deyiblər ki, vəziyyətin bu qədər kritik həddə çatacağını gözləmirmişlər.
Ticarət Mərkəzində yüzlərlə obyektin malı yığışdırılıb, qapılar kilidlənib və üzərinə “Satılır”, “İcarəyə verilir” yazılmış lövhələr vurulub.
Azər adlı ticarətçi deyir ki, camaatda pul yoxdur. Bizim əsas müştərilərimiz Rusiyadan gəlirdi. Əgər bəlli səbəblərdən yaşanan böhran Dağıstan və Çeçenistandan Azərbaycana alış-veriş üçün gələnlərin də sayının kəskin azalmasına səbəb olmuşdusa,Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi nəticəsində türk mallarına qadağa qoyulmasından sonra Rusiyadan gələn tək-tük müştərilərimizi də itirdik. O, əlində olan malı satandan sonra obyekti bağlayacağını deyir.
Satıcı Aslan Qurbanov isə durumun fəlakətli olduğu haqqında danışır:
“Adam var, gün ərzində heç siftə eləmir. Əksəriyyət də malı öz qiymətinə, dəyər-dəyməzə satmağa məcburdur ki, ayın sonunda icarə və yer haqqını ödəsin. Faktiki olaraq mayadan xərcləyirik. Ayrı çıxış yolu yoxdur. Əksəriyyət Türkiyədən malı vurur manatla satıb, Türklərin pulunu dollarla ödəyir”.
Həmsöhbətimiz bildirdi ki, manatın ucuzlaşmasından əvvəl birinə 500 manatlıq borca mal vermişdisə indi o adam borcu qaytaranda üstünə 400 manat da qoyub türklərə vermək lazım gələcək.
Qadın paltosunun biznesi ilə məşğul olan Şirvan deyir ki, illərdir Türkiyədən mal gətirib satır, manatın il ərzində iki dəfə dollara nisbətdə ucuzlaşması onu çıxılmaz vəziyyətə salıb: “Əvvəl paltonun biri 100 dollara başa gəlirdi. Məndə gətirib 100 manata satırdım ayda 1000 manat da bazar rəhbərliyinə verirdim,. 50 manat işiq pulu, vergi filandan sonra 5-10 manatda çörək pulu qalırdı. İndi 100 dollara aldığım paltonu gərək 180 manata satım, 300-400 manat maaş alan insanlar bu qiymətə paltonu necə alsın? Di gəl yaşa ay kasıb görüm necə yaşayırsan?”
Digər bir satıcı isə gündəlik 50-60 manatlıq alver olur: “Ondan 10 manat xeyr qalır, bu da ayda 300 manat eləyir ki, heç kommunal xərcləri ödəmir”.
Bazarda normal vəziyyətdə olan yalnız 5-ci sıradır. Bura yeganə sıradır ki, ticarətçilər əsasən burada cəmlənir. Onların sözlərinə görə bu sıra avtobus dayanacağına yaxındır ona görə az da olsa gələn olur. Birinci, ikinci sıra isə ümumiyyətlə fəaliyyətini dayandırıb, deyilənə görə fevral devalvasiyasından sonra burada vəziyyət belədir.
Ayaqqabı satıcıları isə dekabrın 21-22-i ümumiyyətlə obyektləri açmayıblar, icarə haqqının aşağı salınmasını istəyirlər. Adının çəkilməyini istəməyən satıcı bildirir ki, əllərində olan malları satıb türk şirkətlərinin borcunu ödəmək üçün obyektləri yenidən açmağa məcbur olublar. Onun sözlərinə ayın 21-ə kimi türklərə 85 dollar borcu var idi isə, indi bu borcu ödəmək üçün 130-140 min manat lazımdır.