BAKI, 23 dek — Sputnik. "Beynəlxalq hüququn vermiş olduğu imkanlar çərçivəsində Ankara Bakının yanında olacaq, ancaq beynəlxalq hüququn yetərli olmadığı Rusiya ətrafı bölgələrdə Moskva daha aktiv olacaq".
Bunu Sputnik-ə açıqlamasında Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri, politoloq Yusuf Çınar deyib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistan arasındakı dialoqda özünü daha ön plana çəkmək istəyir.
"Yəqin ki Ermənistana da bu barədə təlimat verilib. Məhz buna görədir ki, rəsmi Yerevan atəşkəsin bitdiyi, müharibənin başladığı bəyanatını verib. Bununla da Rusiya üçün konfliktə müdaxilə zəmini yaranır və elə təsəvvür oyanır ki, Moskva Qarabağ münaqişəsinin həllində yeganə zamin ola bilər".
Yusuf Çınar daha sonra əlavə edib: "Bütün bunlar göstərir ki, türk-rus gərginliyi Cənubi Qafqaza da təsir etməyə başlayıb. Ermənistan Rusiyanın genişlənmə siyasətindən maksimum yararlanmağa çalışır. Qarabağda müharibənin şiddəti artarsa, Rusiyanın daha çox rol alma şansı var. Beynəlxalq hüququn vermiş olduğu imkanlar çərçivəsində Ankara Bakının yanında olacaq, ancaq beynəlxalq hüququn yetərli olmadığı Rusiya ətrafı bölgələrdə Moskva daha aktiv olacaq. Bu da Azərbaycanın daha da küncə sıxışacağı anlamını verir".
"Məhz bu səbəbdən, İlham Əliyev rəhbərliyi starteji addımlar atmalıdır" — deyən Çınar, "Türkiyə Azərbaycanı müəyyən həddə qədər dəstəkləyə biləcək" deyib.
Politoloq əlavə edib ki, Azərbaycan Rusiya ilə əlaqələri olduğu yerdən davam etdirməlidir. Əks halda Rusiya Ermənistandan Azərbaycana qarşı pis məqsədlər üçün istifadə edə bilər.