Amerikalı həmsədr Ceyms Uorlikin özünün twitter səhifəsində yazdığına görə, prezidentlərin bağlı qapılar arxasında tekbətək görüşü 1 saat çəkib. Onlar əvvəlcə təkbətək formatda bir araya gəliblər. Daha sonra isə həmsədrlər, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və ATƏT sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kasprşiklə danışıqlar davam etdirilib. Bununla bağlı “Sputnik” in suallarını politoloq İlqar Vəlizadə cavablandırıb.
- İlqar müəllim, bəzi ekspertlərin o cümlədən həmsədrlərin fikirncə, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə nizamlana bilər. Siz necə düşünürsüz, bu cür danışıqlarla nəyəsə nail olmaq olarmı?
— Dağlıq Qarabağ münaqişəsi danışıqlar yoluyla nizamlana bilər. Ancaq təssüflər olsun ki, biz 20 il ərzində gördük ki, münaqişə yalnız danışıqlar yoluyla da nizamlanmır. Burada başqa amillərdə var ki, onları da nəzərə almaq lazımdır. Əgər biz Azərbaycan olaraq gücdən istifadə etməsək, güc deyəndə söhbət təkcə hərbi müdaxilədən getmir. Söhbət həm də hərbi təsirdən gedə bilər. Bu amillərdən istifadə etməsək çətin ki, yalnız danışıqlar yoluyla münaqişəni tənzimləyə bilək.
Budəfəki görüş qoşunların təmas xəttində atəşkəsin intensiv pozulduğu dövrə təsadüf etdi. Vəziyyətin ciddiliyinə dəlalət edən faktlardan biri də prezidentlərin görüş günü Ermənistanın müdafiə naziri Seyhan Ohanyanın Azərbaycanın işğal altındakı ərazilərinə getməsi idi.
- Son günlər cəbhədə də vəziyyət gərgindir. Prezidentlərin görüşündən sonra təmas xəttində zorakılıq hallarının azaldılması mümkündürmü?
— Əlbəttə, şərti olaraq mümkündür. Ancaq, hər iki tərəf bu vəziyyətdən narahatçılıq keçirir. Bizim də itkilərimiz olur, biz də müəyyən mənəvi çətinliklər çəkirik. Söhbət ondan gedir ki, nə qədər Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərində dinc əhaliyə risklər törədirlər yəqin ki, bu vəziyyət davam edəcək. Azərbaycan tərəfi dəfələrlə məsələni kompleks şəkildə və ya kökündən həll etmək üçün təkliflər edib. Bu görüşdə də Azərbaycan tərəfi açıq aydın göstərdi ki, Ermənistan tərəfi vəziyyəti kökündən dəyişmək istəyirsə qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır, məcburi köçkünlər öz yurd yuvalarına dönməlidir. Eyni zamanda paralel olaraq təhlükəsizlik məsələləri müzakirə olunmalıdır, hansısa bir təhlükəsizlik mexanizmi tətbiq olunmalıdır. Ermənistan tərəfi nə qədər ki, bu konkret addımların atılmasından boyun qaçıracaq, bir o qədər də vəziyyət gərgin olaraq qalacaq. Ola bilər prezidentlər görüşsünlər, fikir mübadiləsi aparsınlar,amma, hərbi vəziyyət kökündən dəyişməyənə qədər bununla bağlı hansısa proqres gözləməyə dəyməz.
-Həmsədrlər, mövqeləri aydınlaşdırmaq deyəndə nəyi nəzərdə tuturlar? Sizcə, hansı mövqelərdən söhbət gedir?
— Həmsədrlər bütün vasitələrlə göstərmək istəyirlər ki, bunlar vəziyyətə nəzarət edirlər və dialoqu təmin edirlər. Ona görə bunlar bu cür bəyanatlarla çıxış edirlər. Bu dialoq doğurdan da faydalı bir şeydir. Prezidentlər birbaşa görüşür və öz mövqelərini ortaya qoyurlar. Bu görüşdə yenə Azərbaycan prezidenti müəyyən prioritetlərlə çıxış edib. Bu prioritetlərin arasında hərbi — siyasi məsələrlə yanaşı, humanitar məsələlərdə var idi. Misal üçün prezident qarşı tərəfdən Ermənistan girovluğunda olan iki vətəndaşımızın azad olmasını bu dəfə də tələb edib. Heç olmasa humanitar prizma baxımından bu görüş vacib idi. Güman edirəm ki, bu sərt tələblərdən nəticələr çıxarsalar görərlər ki, Azərbaycana təzyiq göstərmək olmaz. Azərbaycana hansısa vasitəçilər yaxud da digərləri tərəfindən təzyiqlər göstərmək faydalı deyil. Ona görə də onlar nəticə çıxarmalıdır, bu baxımdan bu kimi görüşləri faydalı hesab etmək olar.