Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Azərbaycanda Demokratiya aktı"nın qəbuluna qarşı nə etməli?

© news.leavitt.comUS Congress
US Congress - Sputnik Azərbaycan
Abunə olmaq
Elxan Şahinoğlu: ABŞ-da lobbilərlə əlaqələri genişləndirmək lazımdır.

BAKI, 22 dek-Sputnik. ABŞ ilə münasibətlərin inkişafında maraqlıyıq, ayrı-ayrı çağırışların ikitərəfli münasibətlərə xələl gətirməsinə imkan vermirik. Amma təbii ki, ABŞ rəsmi şəkildə bu qərəzli layihəyə dəstək verərsə, ermənipərəst qüvvələrin "oyunu"na gedərsə, o zaman Azərbaycan hakimiyyəti buna lazımi reaksiya verəcək. Buna heç kəsin şübhəsi olmasın.

Bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin Konqresə Azərbaycana qarşı bəzi sanksiyaların tətbiqini nəzərdə tutan "Azərbaycan Demokratiya aktı" adlı layihəni təqdim etməsinə münasibət bildirərkən deyib.

Asim Mollazadə - Sputnik Azərbaycan
Smitin hazırladığı sənəd erməni lobbisinin başının altından çıxıb
  

Bəs sənəd qəbul edilərsə, onda Azərbaycan-ABŞ münasibətlərinin aqibəti necə olacaq? Azərbaycan nə etməlidir ki, bu sənədin qəbulunu əngəlləsin?

Sputnik-in bu suallarına Azərbaycanın tanınmış fikir adamları cavab veriblər.

"Kris Smitin Konqresə Azərbaycana qarşı bəzi sanksiyaların tətbiq olunması ilə bağlı təqdim etdiyi layihəsinə ABŞ rəsmi şəkildə dəstək verərsə, bu, ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirəcək".

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Sputnik-ə açıqlamasında belə deyib. Onun fikrincə, bu sənəd nə Azərbaycanın, nə də ABŞ-ın maraqlarına uyğundur: "Bu sənədin qəbulu bizim bir neçə sahədə olan əməkdaşlığımıza xələl gətirə bilər. Zənnimcə, Azərbaycana qarşı hər hansı bir sənədin qəbul edilməsi təkcə Azərbaycanın deyil, ABŞ-ın özünün maraqlarına da uyğun deyil. ABŞ qanunvericiləri bu addımı atmamışdan əvvəl ölkələrimiz arasındakı münasibətləri zədələyəcəklərini nəzərdən qaçırmamalıdırlar. Həm də düşünməlidirlər ki, onlar bu tip addımlarla ABŞ-ın bölgəmizdəki nüfuzuna xələl gətirirlər və onun maraqlarına uyğun olmayan hərəkət edirlər".

Mollazadənin fikrincə, Smitin hazırladığı sənəd 907-ci düzəliş kimi haqsız bir sənəddir və o, sənədin arxasında erməni lobbisi dayanır.

Vaşinqton - Sputnik Azərbaycan
TƏHLİL
ABŞ Azərbaycanı diz çökdürmək istəyir
 

"Biz bütün imkanlarımızı səfərbər edib ABŞ Konqresində belə bir təhlükəli hansısa sənədin qəbul olunmasının qarşısını almağa çalışmalıyıq. 907-ci düzəlişin aqibəti göstərdi ki, bu kimi sənədlərin nəticələrini sonradan aradan qaldırmaq çətin olur. Bu sənəd əslində haqsız olmaqla yanaşı, çox ziddiyətli və təhlükəlidir. Bunun arxasında duran qüvvələrin məqsədi də məhz bizim bölgədə sabitliyi pozmaqdır. ABŞ elitasının diqqətinə bu reallığı qiymətləndirməyin zəruriliyini çatdırmalıyıq. Eyni zamanda xatırlatmalıyıq ki, bu addım onun maraqlarına ziddir" — deyə deputat əlavə edib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə düşünür ki, bu sənədin qəbulu hələ sual altındadır. Azərbaycan ABŞ hökumətinə ciddi mesajlar göndərsə, müəyyən qədər bu prosesin qarşısını almaq da olar. "ABŞ-da lobbilərlə də əlaqələri genişləndirmək lazımdır. Digər tərəfdən, Azərbaycan hökuməti və ordu rəhbərliyi də Pentaqonla çox sıx əməkdaşlıq edirlər. Enerji əməkdaşlığı da var ki, bu da hər iki tərəfin maraqlarına xidmət edir. Bu layihənin qarşısının alınması üçün ABŞ hökumətinin əlində kifayət qədər imkanlar var." — deyə politoloq əlavə edib.

Elxan Şahinoğlu layihənin qəbulunun münasibətlərdə müəyyən dərəcədə soyuqluq yaradacağı qənaətindədir: "Oxşar bir sənəd qəbul oluna bilər ki, ABŞ rəsmilərinin Azərbaycana gəlməsinə qadağa qoyulsun. Amma bu münasibətləri daha da gərginləşdirə bilər. Çünki, ABŞ təkcə Kris Smitdən ibarət deyil. ABŞ-da elə qüvvələr var ki, Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar".

Hikmət Hacıyev - Sputnik Azərbaycan
ABŞ-dakı erməni lobbisi öz ampluasındadır
  

Xatırladaq ki, Əli Həsənov bu addımın ABŞ rəsmilərinin və Ağ Evin mövqeyi olmadığını deyib. O bildirib ki, bu konqresmeni Azərbaycanda yaxşı tanıyırlar, onun hələ 2000-ci illərdən mütəmadi olaraq ermənipərəst bəyanatlar və təşəbbüslərlə çıxış etdiyini, hər vəchlə Azərbaycanın ABŞ ilə münasibətlərinə kölgə salmağa çalışdığını, özünü Konqresdə seçildiyi Nyu-Cersinin deyil, sanki Ermənistanın Abovyan vilayətinin təmsilçisi kimi apardığını çox yaxşı bilirlər.

"Əsas odur ki, indiyədək rəsmi Vaşinqton K.Smitin nə "erməni soyqırımı", nə də Azərbaycana qarşı hər hansı təşəbbüslərinə əhəmiyyət verməyib. Odur ki, bu məsələni ciddiyə almaq lazım deyil. Ümid edirik ki, Smitin budəfəki hərəkəti də ABŞ rəsmiləri tərəfindən rədd ediləcək və bu layihə ermənipərəst qüvvələrin həyata keçməyən növbəti arzularından biri olaraq tarixə düşəcək" — deyə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi bildirib.

Xəbər lenti
0