BAKI, 22 dek — Sputnik. Manatın qəfildən devalvasiyaya uğrayaraq, dollar qarşısında kəskin ucuzlaşması bəzi məhsulların satışının dayandırılmasına, bəzilərininsə qiymətlərinin bahalaşmasına gətirib çıxarıb. Sputnik-in əməkdaşı yaranmış ümumi mənzərəni araşdırmaq üçün paytaxtdakı müxtəlif satış məntəqələrinə baş çəkib.
O, ilk olaraq 20 Yanvar metrostansiyasının yanında qəzet satışı üçün nəzərdə tutulan qasid dükanlarında siqaretin qiymətləri ilə maraqlanıb. Məlum olub ki, Bakıda siqaret satışı ümumiyyətlə dayandırılıb. Bəzi siqaretlər ancaq dənə-dənə satılır. Məsələn, "Davidoff", "Kent 8" markalı siqaretlərin bir dənəsi 20 qəpiyə, "LD club Platınum" markalı siqaretin bir dənəsi 15 qəpiyə satılır. Siqaret almaq istəyənlərin çoxu əliboş qayıtmaq məcburiyyətində qalır. Hətta bəzi alıcılar siqareti yeni qiymətlə almağı təklif etsələr də, satıcılar razılaşmır.
Əməkdaşımızın siqaret satanlarla söhbəti zamanı onlar deyiblər ki, əslində siqaret var, amma satışa çıxarmırlar. Çünki siqaretin bahalaşacağını gözləyirlər. Devalvasiya gününə kimi (21 dekabr-r.) "LD club Platınum" markalı siqaret 1 manat 50 qəpiyə satılırdı. İndi isə ola bilsin ki, onlar 2 manat 30 qəpiyə — 3 manata satılsın.
Supermarketlərdə də siqaretlər satılmır. Satıcılar deyiblər ki, dükan rəhbərliyi siqaret satışına qadağa qoyub, gözləyirik.
Yasamal ərazisindəki telefon mağazalarında da telefon satışı dayandırılıb. Satıcılar hələ ki, gözlədiklərini, telefonları yeni qiymətlə satışa çıxaracaqlarını deyiblər. Onlar mövcud qiymətlərlə satışın sərfəli olmadığını əlavə ediblər.
Meyvə-tərəvəz bazarında isə qiymətlərdə ciddi dəyişiklik nəzərə çarpmayıb. Kələm 40 qəpiyə, almanın, mandarinin 1 kilosu, limonun 7 ədədi 1 manata, soğan 60 qəpik — 1 manata, kartof 70 qəpik — 1 manat 50 qəpiyə satılır. Satıcılar hələlik yalnız soğan və kartofun qiymətinin qalxdığını deyiblər. Bir satıcı dükanda soğanın 1 kilosunu 1 manat 20 qəpiyə, kartofu isə 1 manat 50 qəpiyə satdığlarını deyib.
Yasamal bazarında isə demək olar ki, alıcı gözə dəyməyib. Burada kartof və soğanın qiymətində dəyişiklik nəzərə çarpmır. Bir satıcı deyib ki, soğanı 1 manata, kartofu isə 1 manat 50 qəpiyə satır.
Müşahidələr zamanı Yasamal ərazisində artıq bir neçə marketin işləmədiyi nəzərə çarpıb. Satıcılar "təmizlik işləri ilə əlaqədar işləmirik" deyiblər.
Dekabrın 22-də İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumatda deyilir ki, Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində manatın idarəolunan üzən məzənnə rejiminə keçirilməsi barədə qərar qəbul edib. Bununla əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib.
Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.