CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dollar qalxan kimi firmalar dükanlara mal verməyi dayandırdı

© sputnik.azBakı küçələri devalvasiyadan sonra
Bakı küçələri devalvasiyadan sonra - Sputnik Azərbaycan
Abunə olmaq
Satıcı Aqşin Məmmədov: Siqaretlərin 50 faizədək bahalaşacağı deyilir.

BAKI, 21 dek — Sputnik. Bu ilin fevral devalivasiyasından sonra ölkədə ərzaq məhsullarının qiymətində artım müşahidə olunurdu. Bəs görəsən növbəti dəfə manatın dollara nisbətdə ucuzlaşması, ölkədə ərzaq bazarında qiymətlərə necə təsir edəcək?

Bununla bağlı “Sputnik” in əməkdaşı  “Üçüncü mikrarayon” bazarı adlanan ərazidə müşahidələr aparıb.

Səhər saat 11-12 olsa da, bazarda alıcı gözə dəymir. Satıcılar əlləri cibində söhbət edir, piştaxtadakı malı səliqəyə salır, müştəri görəndə dərhal gülümsəyərək şirin dillərini işə salırdılar.

Satıcıların  sözlərinə görə, onsuz da aşağı olan alıcılıq qabiliyyətinə dolların bahalaşması bir qədər də təsir göstərib.  Bütün şirkət və firmalar bu gündən pərakəndə və topdansatış mərkəzlərinə mal və məhsul verilməsini dayandırıb. Müşahidə etdiyimiz bazarda almanın kiloqramı 2 manata qalxıb, “Qızıl əhmədi” növü isə 4 manata təklif edilir. Satıcılar deyir ki, bunun günahkarı onlar deyil: “Biz bu məhsulu topdansatış mərkəzindən baha götürürük, üstünə 20-30 qəpik qoyub, satırıq. Alıcılar, sadəcə, qiymətlərə baxıb, keçirlər. Əvvəllər gündə 50 manat gəlirimiz olurdusa, indi heç 20 manat da olmur. Alıcılıq zəifdir. İcarə haqqını belə çatdıra bilmirik”.

© sputnik.azBakı bazarları devalvasiyadan sonra
Bakı bazarları devalvasiyadan sonra - Sputnik Azərbaycan
Bakı bazarları devalvasiyadan sonra

Digər məhsullarda da bahalaşma hiss olunur; pomidor 1 manat 20 qəpikdən 2 manat 50 qəpiyə, xiyar 1.20-dən 2 manata qalxıb. Satıcılar bildirirlər ki, bütün şirkət və firmalar bu gündən pərakəndə və topdansatış mərkəzlərinə mal və məhsul verilməsini dayandırıb:  “Hazırda  satdığımız məhsulları dünən götürmüşəm ona görə aldığım qiymətə uyğun satıram, topdan satışda bahalaşsa  baha satacam”.

Ət satışında da vəziyyt əvvəlki illərlə müqayisə olunmaz dərəcə də aşağı düşüb: Qəssab Qərib Hüsyenov isə alıcı olmadığı üçün əti yığıb gedir:

“Bayram ərəfəsidir amma alıcı yoxdur. Əvvəllər, günə 500-600 manatlıq alver edirik. Ötən illərə baxanda, əlbəttə, zəif idi. 9 manata sümüksüz ət satırıq, sümüklü əti də 7 manata. Əmlik quzu ətini 9 manata satıram. Keçən il bu vaxtı 10-11 manata satırdım quzu ətini. Pul yoxdur, adamlar var idi  1-2 kilo ət alırdılar daha o da yoxdu…”

Bazardan fərqli olaraq iri topdansatış mərkəzlərində isə alıcı sıxlığı müşahidə olunur. Satıcı Aqşin Məmmədovun sözlərinə görə, siqaretlərin 50 faizədək bahalaşacağı deyilir, amma firmalar hələlik heç bir açıqlama vermirlər: “Xaricdən gətirilən spirtli içkilərin də satışı dayandırılıb. Bu gün pivə, araq sifarişimizi qəbul etmədilər. Satışda siqaret də yoxdur. Səhər saatlarında bütün siqaretlər satıldı”.

Bir sıra super-marketlərdə də oxşar acınacaqlı vəziyytə hökm sürür. “Fresko” ticarət mərkəzində qiymətlər hələlik dəyişməyib. Ancaq firmalar satışı dayandırdığından bahalaşma olacağı şübhəsizdir.

Mağazanın adını açıqlamayan satıcısı qiymətlərin sabahdan dəyişəcəyini dedi: “Firmaların qərarını gözləyirik. Yəqin ki, sabahdan yeni qiymətlər olacaq”.

Qeyd edək ki, “Fresko”da da siqaret satılmır. Kassadan siqaretlərin satılıb qurtardığını dedilər.

Maraqlıdır ki, artıq  köşklərdə də siqaret satışı dayandırılıb. Hətta vitrində siqaret olsa da satılmır.

“Neptun” ticarət mərkəzində də vəziyyət fərqli deyil. Firmalar qiymətləri müəyyənləşdirmədiyindən satıcılar bahalaşmanın neçə faiz olacağını bilmirlər. 

Bu gün ABŞ dolları və avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi müvafiq olaraq, 1,55 və 1,6850 manat təşkil edir.

Xəbər lenti
0