BAKI, 21 dek-Sputnik. Azərbaycan manatını daha ağır günlər gözləyir.
Sputnik xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü,iqtisadçı-ekspert Vahid Əhmədov bu gün baş verən manatın devalvasiyasını şərh edərkən deyib.
Deputatın fikrincə, Mərkəzi Bank bu qərarı çoxdan verməli idi:
"Bununla da yumşaq devalvasiyanın tənzimlənən prinsipinin tətbiqi həyata keçiriləcək. Mərkəzi Bankın valyuta ehtiyatları tükənmək üzrədir. Bu azalma davam etməkdədir və uzun müddət davam edə bilməzdi. Qonşu ölkələrdə valyutalar dəyərdən düşür, biz isə ehtiyatlardan istifadə edərək manatın məzənnəsini qoruyub saxlayırdıq. Ona görə də üzən məzənnə siyasətinə keçmək mütləq idi. Manat gec-tez öz dəyərini almalıdır. Hansı səviyyədə qərarlaşacaq, onu zaman göstərəcək."
İqtisadçı manatın hara qədər ucuzlaşacağını proqnozlaşdıra bilmədiyini deyib: "Rəqəmləri söyləmək düzgün olmaz, amma proses gedəcək. Bütün bunlar isə neftin dünya bazarlarındakı qiymətlərindən asılı olaraq tənzimlənəcək. Azalmalar davam edəcəksə, bu yaxşı heç nə vəd etməyəcək. Əksinə neftin qiyməti qalxarsa, baxmayaraq ki, bu da inandırıcı deyil, o zaman problem müəyyən qədər həll oluna bilər".
Deputat manatı rubl qədər olmasa da, çətin günlər gözlədiyini deyib.
Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.
Mərkəzi Bankın yaydığı bəyanata görə, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.
Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.