Gedin baxın, görün elmi şuralarda nə baş verir?

© новости-АзербайджанЭтибар Алиев
Этибар Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Etibar Əliyev: Problem bütövlükdə təhsil sisteminin özündədir.

BAKI, 18 dek-Sputnik. "Bu gün Azərbaycan təhsili lazım olan səviyyədə deyil. Baxmayaraq ki, bu il universitetlərə qəbul olan abituriyentlərin nəticələri yaxşı olub, amma yenə də, biz təhsilin keyfiyyətini lazımi səviyyəyə qaldıra bilməmişik".

Belə bir açıqlama ilə bu günlərdə təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib. Nazir müavini əlavə edib ki, son vaxtlar birinci siniflərə gələnlərin sayında azalma müşahidə olunsa da, bu il məktəbə qədəm qoyan şagirdlərin sayı 12 faiz artıb: "Ali məktəblərə bu il qəbul olan abituriyentlər arasında 500 və bu göstəricidən çox bal toplayanların sayı keçən ilə nisbətən 37 faiz artıb. Bu göstərici bizi nikbin olmağa sövq edir".

Sputnik-in əməkdaşı nazir müavininin bu etirafı, həmçinin təhsilimizin hazırki durumu ilə bağlı təhsil eksperti Etibar Əliyevlə həmsöhbət olub.

Ekspert deyib ki, məktəbəqədər təhsil Bakı şəhər və rayon icra hakimiyyətlərinə tabedir. Orta, texniki peşə, ali təhsildə, kollec sistemində problemlər mövcuddur. Dünyanın hər yerində təhsildə problemlər var, amma bizdə bu, bir qədər fərqli xarakter daşıyır:

"Yəni, uşaqların məktəbəqədər təhsilə cəlb olunması faizi çox aşağıdır. Orta məktəblərdə dərslərdən yayınmalar var. Valideynlərdən qeyri-formal vəsait yığımı aparılır. Ali təhsil sistemi Boloniya razılaşması çərçivəsində həyata keçirilmir. Kolleclərin taleyi hələ bəlli deyil".

Etibar Əliyev hesab edir ki, bu sahədə müəyyən işlər də görülüb: "Korrupsiyanın kökünün kəsilməsi üçün işlərin görülməsi, orta məktəblərin 1-ci sinifinə şagird qəbulunun elektron formada həyata keçirilməsi, orta məktəblərə müəllimlərin imtahan yolu ilə qəbul edilməsi və onların biliklərinin diaqnostik qiymətləndirilməsi, SABAH qruplarının yaranması, bir neçə müsbət rektor dəyişikliyi və bu kimi dəyişikliklər mövcuddur".

Təhsildə islahatlardan danışan ekspert qeyd edib ki, görülən işlər sürətlənməlidir: "Məktəb mühitinin yaxşılaşdırılması kadrların düzgün seçilməsindən, dərslərə davamiyyətin möhkəmlənməsindən asılıdır. Uşaqlar dərslərdən yayındığı üçün sosiallaşma çox zəif həyata keçirilir. Ən mühüm islahatlardan biri hər şagirdə düşən vəsaitin artırılması olmalıdır. Yaxşı dərsliklərin yazılmasında ciddi addımlar atılmalıdır.  Kurikulumlar ekspertizaya verilməlidir. Elmi şuralar ali məktəblərdə demokratik fəaliyyət göstərməlidirlər. Gedin baxın, görün elmi şuralarda verilən qərarların birinin əleyhinə çıxan, yaxud birtərəf olan var. Kolleclər ali məktəblərə birləşdirilməlidir. Texniki peşə təhsilinin maddi-texniki bazası yaxşılaşdırılmalıdır. Bu cür islahatlar vacibdir". 

Xəbər lenti
0