BAKI, 18 dek — Sputnik. "İsrail hər zaman Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çalışır və bu məqsədə nail olmaq üçün daima yollar axtarır". Bunu Sputnik-ə Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması barədə yayılan xəbərləri şərh edərkərn İsrailin ölkəmizdəki səfiri Dan Stav bildirib.
Stav, Türkiyə ilə İsrailin bölgədəki maraqlarının üst-üstə düşdüyünü, keçmişdə olan problemlərin dialoq yolu ilə həllinin mümkün olduğunu qeyd edib.
Türkiyə ilə İsrail arasında münasibətlərin yenidən normallaşmasına dair razılıq əldə olunması ilə bağlı hər iki ölkə mediasında geniş xəbərlər yer almaqdadır. Həm Türkiyə, həm də İsrail hökumətləri xəbəri təkzib etməyib. Rəsmi Ankara, hələlik yekun razılığın olmadığını ancaq danışıqların uğurla getdiyini bildirsə də, Təl-Əviv tərəfi müzakirələrin artıq imza mərhələsinə çatığını açıqlayıb.
Türkiyə mətbuatının yazdığına görə, ilkin razılaşmanı İsveçrədə İsrailin baş naziri Benyamin Netanyahu və Türkiyə Xarici İşlər Nazirliyinin aparat rəhbəri Firudin Sinirlioğlu imzalayıblar.
Razılaşmaya görə, İsrail tərəfi hadisə zamanı ölən 10 Türkiyə vətəndaşının ailələrinə 20 milyon dollar təzminat ödəyəcək; iki ölkənin səfirliklərinin fəaliyyəti bərpa ediləcək, geri çağırılan səfirlər yenidən göndəriləcək; Türkiyə İsrail hərbçilərinə qarşı məhkəmə prosesindən imtina edəcək; HAMAS təşkilatının Türkiyədəki fəaliyyəti məhdudlaşdırılacaq. Təşkilatın liderlərindən sayılan, 3 israilli hərbçiini qaçıraraq, öldürməkdə təqsirləndirilən Salih əl-Aruri Türkiyədən deportasiya ediləcək; təbii qazla bağlı müzakirələr aparılacaq.
İsrail hərbçilərinin 2010-cu ildə Qəzzaya humanitar yardım daşıyan "Mavi Mərmərə" gəmisinə basqını zamanı 9-u türk olmaqla 10 nəfəri öldürməsi iki ölkə münasibətlərini korlamış, bütün siyasi-iqtisadi əlaqələr kəsilmişdi.