BAKI, 18 dek-Sputnik. Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili məhkəmə qarşısına çıxmalı olacaq. Buna səbəb prezident yanında Milli İslahat Şurasının iclasında Ukraynanın daxili işlər naziri Arsen Avakovunun ünvanına səsləndirdiyi korrupsiya və oğurluq barədə ittihamlardır.
Sputnik-in məlumatına görə, Avakov Ukraynanın "1+1" telekanalının canlı efirində Mixail Saakaşvilini məhkəməyə verdiyini bildirib.
"Mən cənab Saakaşvilini məhkəməyə vermişəm. İnsanın oğru olduğunu deyəndən sonra gərək bunun arxasında da durasan. Bildiyim qədər, cənab Yatsenyuk da məhkəməyə müraciət etməyə hazırlaşır" — deyə Avakov bildirib.
Milli İslahat Şurasının iclasında Mixail Saakaşvili Ukraynanın baş nazirini və daxili işlər nazirini korrupsiyada ittiham edib. Avakov buna adekvat olaraq Saakaşvilini təhqir edib. Nəticədə bu iki şəxs arasında insident yaranıb. Avakov Saakaşvilinin üstünə içi su ilə dolu olan stəkan atıb və onun ünvanına kəskin ifadələr işlədərək Ukraynanı tərk etməyə çağırıb.