BAKI, 17 dek-Sputnik. "Azərbaycan Beynəlxalq Bankı-Moskva"nın Sankt-Peterburqdakı filialında bu gün aparılan yoxlamaların səbəbi bəlli olub. Filialın direktoru Yaşar Səfərov deyib ki, bank fəaliyyətini əvvəlki rejimdə davam etdirir.
Sputnik Trend-ə istinadla xəbər verir ki, Səfərov hüquq-mühafizə orqanları əməkdaşlarının bankın filialına gəlməsinin müştərilərdən biri ilə bağlı olduğunu deyib. "Bunun işçilərimizlə heç bir əlaqəsi yoxdur" — deyə Səfərov bildirib.
Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli bildirmişdi ki, Sankt-Peterburq polisi bankın keçmiş müştərilərindən birinin arxiv sənədlərini əldə etmək üçün "ABB-Moskva"nın Sankt-Peterburqdakı filialında olub. Onun sözlərinə görə, bankın Peterburq filialı hazırda işini normal rejimdə davam etdirir və fəaliyyətində hər hansı problem müşahidə edilmir.
Rusiya mətbuatının yazdığına görə, bu gün Sankt-Peterburqda "ABB-Moskva" bankının filialının ofisində axtarış aparılıb. Cinayət işi çərçivəsində aparılan bu tədbirlər pulların xaricə qanunsuz çıxarılması ilə bağlıdır.
Rusiyanın hüquq-mühafizə orqanları Azərbaycan Beynəlxalq Bankın müştərilərindən birinin xaricə qanunsuz pullar çıxarması barədə iddianı araşdırır.