Bu hadisəyə İŞİD terror qruplaşması səbəb ola bilər. Belə ki, ekspertlər qeyd edirlər ki, İŞİD Yaxın Şərqdə neft sənayesinin əsas infrastruktur obyektlərinə hücum etsə və ya OPEK-in Venesuela və Əlcəzair kimi üzv ölkələrində siyasi vəziyyət gərginləşsə, bu ssenarinin inkişaf edəcəyi ehtimal olunur. Belə ki, infrastrukturun məhvi OPEK ölkələrinə istehsal səviyyəsini qoruyub saxlamağa imkan verməyəcək. Bu da, öz növbəsində, bazarda neft qıtlığına, eləcə də 2016-ci ildə enerji daşıyıcılarına tələbatın qəfil artmasına gətirib çıxaracaq.
Şərq-Qərb araşdırmalar mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclu hesab edir ki, Bloomberg agentliyinin ekspertləri İŞİD qruplaşmasının gücünü bir qədər şişirdirlər:
“Düşünürəm ki, bunu deyirlərsə hansısa əsasları olmamış deyil. Amma mənə elə gəlir ki, İŞİD bir qədər şişirdilir. Yəni o, heç də deyildiyi qədər güc deyil. Təbii ki, müxtəlif obeyktlərə qarşı terror aktları keçirmək olar, amma mən İŞİD-in əlinin bu qədər uzun olduğunu mən düşünmürəm. Ümumiyyətlə, neft sənayesi, neft amili bu gün arxa plana başqa səbəblərdən keçir – bu da sırf iqtisadi səbəblərdir”.
İqtisadçı ekspert Samir Əliyev də hesab edir ki, İŞİD neftin qiymətinə nəzərdə tutulduğu qədər təsir göstərə bilməz:
“Geosiyasi proseslər, bir qayda olaraq, neftin qiymətinə təsir göstərir – yəni, gərginlik olanda qiymətlər artır. Biz bunu, təxminən, 2006-2008-ci illər ərəfəsində müşahidə etdik. Sakitlik yaranır, qiymət də qaydasına düşür. Siz deyənlər nəzəri olaraq baş verərsə, bu, qiymətlərə təsir göstərə bilər. Amma gəlin görək, İŞİD nə qədər dünyadakı neftə olan tələbatı ödəyir. Məlumatlara görə, İŞİD nefti dünya bazarındakı neftin qiymətindən ucuz qiymətə satır. Onların bu əraziləri ələ keçirməsi heç də o demək deyil ki, neft təminatında problem ola bilər. İŞİD neftin qiymətinə nəzərdə tutulduğu təsiri göstərə bilməz. Mən bunu tam real saymıram”.
Ekspert onu da əlavə edib ki, OPEK ölkələrində gərginlik yaranarsa belə, neftin qiyməti 50-60 dollar civarında dəyişəcək:
“Bu gün neftin qiymətinin ucuz olmasının əsas səbəbi fundamental iqtisadi əsasdır. Çünki bazarda kifayət qədər neft artıqlığı var. Buna görə qiymətlər düşür. Əgər bazarı neftlə təmin edən ölkələrdə gərginlik başlayarsa və bu gərginlik neftin hasilatına təsir göstərərsə (heç də həmişə gərginlik neft hasilatına ciddi təsir göstərmir), bu halda biz bazarda qiymət artımını görə bilərik. Nə qədər artacağını demək çox çətindir, bunu artıq zaman göstərəcək. Amma hər bir halda 100 dollara qalxmağı inandırıcı deyil”.
Bloomberg agentliyinin ekspertləri onu da bildiriblər ki, bu cür ssenarinin baş verəcəyi təqdirdə alternativ enerjiyə — xüsusilə də nüvə və “yaşıl” enerji mənbələrinə yönələn sərmayələrin həcmi artacaq.