Con Kerri deyib ki, həqiqətən biz bəzi məsələlər üzrə razılıq əldə etdik, həmçinin terror qruplaşmalarının təsnifləşdirilməsinin çətinliyi barədə danışdıq. Biz razıyıq ki, İŞİD və “Əl Nusra” bu proseslərin çərçivəsindən kənardadır. Hamı bununla razıdır, bu yekdil fikirdir- deyə o qeyd edib.
Siyasi təhlilçilərdə Qərb və Rusiya arasında hansısa ilkin razılığın əldə olunmasını istisna etmirlər. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu “ Sputnik”ə açıqlamasında bildirib ki, Qərb və Rusiya bəzi məsələlərdə ortaq məxrəcə gəliblər:
“Mən düşünürəm ki, iki məsələ razılaşdırıla bilərdi. Birinci məsələ odur ki, Nyu-Yorkda Suriya ilə bağlı geniş bir konfrans keçiriləcək. Amerika Rusiya ilə fikir ixtilafına rəğmən Rusiyanın orada iştirakını arzulayır. Məncə Rusiya bu toplantıda iştirak edəcək. S.Lavrovun Amerikadakı toplantıya qatılması ABŞ üçün birinci nəticədir. İkinci nəticə də odur ki, ola bilsin ki, terorçuların ümumi siyahısını hazırlamaq məsələsində ortaq məxrəcə gəliblər. Yəni iki terorçu təşkilatı artıq hər iki tərəf qəbul edib bu İŞİD və Əl-Nusradı digərləri ilə bağlı isə fikir mübadiləsi gedir. Bu məsələdə də Rusiya ilə ABŞ ortaq məxrəcə gəlməyə yaxındır. Ancaq əsas fikir ixtialfı Əsədlə bağlıdır. Burada da Amerika müəyyən qədər geri addım atmağa hazırdır. Amma, keçid höküməti yaradılandan sonra Əsədin Suriyanın gələcəyində rolu olmamalıdr. Əsas bunu Rusiyaya qəbul etdirməkdir. Rusiya da hələ ki, bunu qəbul etmir, hələ də ixtilaf qalır. Amma, iki məsələdə ortaq məxrəc varsa, artıq bu müəyyən qədər uğur sayıla bilər”.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclunun fikrincə isə müəyyən məsələlərdə razılıq ola bilər. Amma, hansısa bir əsaslı razılaşmanın əldə edildiyi inandırıcı görünmür:
“Rusiya ilə Qərb arasında ziddiyyətli məsələlər çoxdur. Amma, təxminən ehtimal eləmək olar ki, ilk növbədə Ukrayna ilə bağlı hansısa razılaşma əldə olunubdur. Eyni zamanda Türkiyə-Rusiya münasibətləri və digər məsələlərin fonunda ümumi bir anlaşma əldə olunması mümkündür ki, yaranmış belə bir ziddiyyətli durumda hərbi gücə əl atılmasın. Münaqişə, yaranmış mübahisə istənilən halda yalnız və yalnız dinc vasitələrlə müzakirə yoluyla qaydaya salına bilər. Hansısa əsaslı konseptual bəndlərdən ibarət razılaşmanını əldə olunması inandırıcı görünmür”.
Rusiya XİN rəhbəri Sergey Lavrov isə Rusiya prezidentinin iştirakı ilə keçirilən danışıqların konkret və ətraflı olduğunu qeyd edib, əsas məsələnin Suriya probleminin həlli istiqamətində irəliləyişə nail olunduğunu bildirib. Nazir həmçinin bildirib ki, dekabrın 18-də Nyu-Yorkda XİN rəhbərləri səviyyəsində Suriya dəstək qrupunun görüşəcəyini bildirib. Lavrov danışıqların yekunlarına dair qətnamə layihəsinin BMT TŞ-in müzakirəsinə çıxarılmasına ümid etdiyini bildirib.
Elxan Şahinoğlunun sözlərinə görə, B.Əsəd hakimiyyətdə qaldıqca İŞİD-in mövqeləri güclənəcək:
“Belə fikir mübadilələri çox olub, amma, bu məsələnin həllini yaxınlaşdırmır. Səudiyyə Ərəbistanı özü də terrorizmə qarşı İslam koalisiyası yaradır. Ona görə düşünürəm ki, əsas fikir ixtilafı Əsədlə bağlıdır. Əsədlə bağlı ortaq məxrəcə gəlsələr, Suriya ətrafında geniş bir koalisiya yaradıla bilər. Əsədin təklifi ilə partiyasından başqa biri onu əvəz edə bilər. Bu olmadığı halda düşünmürəm ki, böyük dövlətlər fəaliyyət ortaya qoya bilsinlər”.
Qeyd edək ki, dekabrın 15-də ABŞ dövlət katibi Con Kerri Moskvada səfərdə olub.