BAKI, 16 dek-Sputnik. Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı rektorlara tapşırıq verib.
Sputnik Təhsil Nazirliyinə istinadən xəbər verir ki, M.Cabbarov ali təhsil müəssisələrində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə əmr verib.
Əmrə əsasən, rektorlar imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, rəhbərlik etdikləri ali təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etməli, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görməlidirlər. Rektorlar həmçinin rəhbərlik etdikləri ali təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar.
Nazirliyin müvafiq şöbələri ali təhsil müəssisələrində imtahan sessiyasının monitorinqini təşkil etməlidirlər.