İndiyə qədər kibercinayət işləri üzrə ibtidai istintaq aparmaq səlahiyyəti yalnız xüsusi xidmət orqanlarına məxsus olub. Bundan sonra isə kibercinayətlərlə bağlı işi başlamış daxili işlər (polis) orqanları da ibtidai istintaq apara biləcəklər.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sputnik”ə açıqlamasında ölkəmizdə kibercinayətkalığa qarşı aparılan mübarizədən danışıb:
“Əvvəllər bununla daha çox Milli Təhlükəsizlik Nazirliyi (MTN), az bir hissəsi ilə isə DİN və Baş prokrorluq məşğul ola bilərdi. İnternet aləmində, komputer sahəsində baş verən cinayətlərlə bağlı işlər isə daha çox MTN-də cəmləşmişdir. Hesab edirəm ki, bu sahədə atılmış addımlar və yeni qanunvericilik düzgün yanaşmadır. Elə məsələlər var ki, orada milli təhlükəsizlik kompenenti yoxuydu, amma MTN-nin kompentasiyasına aid olurdu. Dünya təcrübəsində də kibercinayətkarlıqla DİN məşğuldur. Elə ölkələr var ki, DİN-nin bütün strukturlarında kibercinayətkarlıqla bağlı bölmələr var. Burada əsas ciddi məsələ kadrlarla bağlıdır. İndi əsas kibercinayətlərlə bağlı kadrlar və texniki texnoloji təminatla əlaqəli məsələlərə ciddi diqqət yetirmək lazımdır”.
Hüquqşünas Ələsgər Məmmədlinin fikirncə isə kibercinayətkarlıqla mübarizədə əsas problem kadrlarla bağlıdır:
“Kibercinayətkarlığa qarşı mübarizə elə bir məqamdır ki, burada texnoloji bilgi çox önəmlidir. Mütəxəssilərin hansı nazirlikdə olması önəmli deyil. Önəmli olan bu mütəxəssilərin mövcudluğudur. Əgər DİN-nin nəzdində kibercinayətkarlıqla mübarizə üçün yüksək səviyyəli mütəxəssislər yoxdursa, ölkədə bu sahə üzrə olan yaxşı mütəxəssislər DİN-ə cəlb olunacaq. Yaxud da başqa nazirliklərdə olanlar yenidən bu tərəfə çevriləcək. Mahiyyət etibarı ilə yer dəyişmək nəticəni həll etmir. Yerdəyişmək sadəcə strukturlar arası bir iş bölgüsüdür. Nəticə odur ki, əgər ölkədə bununla mübarizə aparacaq səviyyədə kadr varsa nəticə olacaq. Çünki, müasir texnologiyalarda həm metodlar çox sürətlə inkişaf eləyir, həm də texnoloji imkanlar. Bu baxımdan bunları təqib etmək, son müdaxilənin yerini tapmaq o qədərdə asan olmur. Bunu ancaq yüksək səviyyəli texnologiya və mütəxəssis tapa bilər”.
Qeyd edək ki, kibercinayətlərə kompüter sisteminə qanunsuz daxil olma (271-ci maddə), kompüter məlumatlarını qanunsuz ələ keçirmə (272-ci maddə), kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə (273-cü maddə), Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi (273-1.-ci maddə), kompüter məlumatlarının saxtalaşdırılması (273-2.-ci maddə) daxildir. Bu maddələr üzrə 2 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə, 2 min manatdan 4 min manatadək cərimə nəzərdə tutulur.