BAKI, 15 dek-Sputnik. "Bilirsiniz ki, biz sizinlə birlikdə daha dərin böhranların həlli yollarını axtarırıq. Bu gün Xarici İşlər Nazirliyində keçirilən görüşdə Amerika tərəfinin Suriya problemi də daxil olmaqla bir sıra problemlərin həllinə dair öz təkliflərini irəli sürdüyünü bilirəm."
Bu fikirləri Rusiya prezidenti Vladimir Putin Moskvada rəsmi səfərdə olan ABŞ-ın dövlət katibi Con Kerri (John Kerry) ilə görüşündə səsləndirib.
Putin Sergey Lavrovun ABŞ-ın təqdim etdiyi təkliflər və suallar barədə onu məlumatlandırdığını deyib. Eyni zamanda bildirib ki, bu məsələlərin əlavə müzakirələrə ehtiyacı var.
Rusiya prezidenti Con Kerri ilə görüşdən məmnun olduğunu da dilə gətirib.
Bu gün Moskvada Con Kerri və Rusiya XİN rəhbəri Sergey Lavrov arasında üç saatlıq görüş olub. Suriya böhranının nizamlanması və beynəlxalq terrorçuluqla mübarizədə səylərin birləşdirilməsi məsələsi əsas müzakirə mövzularından biri olub. Görüşdə Ukrayna böhranı və ikitərəfli münasibətlər də müzakirə edilib.