BAKI, 15 dek — Sputnik. Tələbə birliyi növbəti dəfə ictimai nəqliyyatda gedişhaqqında güzəştlərinin verilməsi ilə bağlı Azərbaycan hökumətinin qarşısında məsələ qaldırıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin Kommunikasiya və marketinq Departamentinin mütəxəssisi Ramil Cabbarov Sputnik-ə bildirib ki, nəqliyyatda tələbələrə güzəştlər heç Sovet İttifaqı dövründə mövcud deyildi.
"Türkiyədə təhsil alanda, mən tələbələr üçün olan güzəştlərdən istifadə edirdim. İstərdim ki, ictimai nəqliyyatda tələbələr üçün gedişhaqqına güzəştlər Azərbaycanda da tətbiq olunsun. Biz bilirik ki, metropolitenə sərnişindaşıma üçün dövlət tərəfindən dotasiya verilir" — Cabbarov deyib.
Tələbələr artıq neçə ildir ki, nəqliyyatda gedişhaqqına güzəştlərlə bağlı məsələ qaldırırlar.
Sputnik bu məsələyə Respublikanın nazirlik və dövlət müəssisələrinin nümayəndələrinini münasibətini öyrənib.
"Metropolitendə xidmət tarifləri Azərbaycanın Tarif (Qiymət) Şurası tərəfindən müəyyən edilir. Metroda getmək üçün tələbələrə güzəştlərin verilməsi haqqında qərar hökumət tərəfindən qəbul olunarsa, biz qarşıya qoyulan vəzifəni yerinə yetirəcəyik" — Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə məsələni şərh edərkən deyib: "Hazırda, ictimai nəqliyyatda sərnişin daşınması xidmətləri özəl sektor tərəfindən həyata keçirilir. Nəqliyyat Nazirliyi olaraq, bizim özəl şirkətlərin təsərrüfat fəaliyyətinə müdaxilə etmək hüququmuz yoxdur. Bizə nəqliyyat xidmətləri üzrə güzəştlərin verilməsi ilə bağlı tələbə təşkilatlarından dəfələrlə müraciətlər gəlib. Lakin özəl şirkətlər sərnişindaşımada güzəştlərlə bağlı öz təkliflərini bizə heç vaxt verməyiblər."
İqtisadçı-ekspert Fuad Əlizadə isə deyib ki, müvafiq qanunvericiliyə əsasən, gedişhaqqı güzəştləri barədə qərarın qəbul edilməsi ilə bağlı Tarif Şurasına müraciət edilməlidir. Güzəşt şərtlərini Tarif Şurası ilə nəqliyyat sektorunda xidmət göstərən şirkətlər arasında razılaşdırmaq mümkündür.
"Lakin özəl və ya dövlət şirkətlərinin könüllü qaydada öz gəlirlərini azalmağa razılıq verəcəklərinə ümid etməyin mənası yoxdur. Tələbələrə ictimai nəqliyyatda gedişhaqqı güzəştlərinin verilməsinə ancaq ən yüksək səviyyədə müvafiq qərarın qəbul olunacağı təqdirdə ümid etmək olar" — deyə Fuad Əlizadə əlavə edib.
Azərbaycan Dövlət Statistika Komitəsinin 2015/2016-ci dərs ilinin əvvəlinə dair məlumatına görə, ali təhsil müəssisələrində 165 336 nəfər təhsil alır. Bakıda ictimai nəqliyyatda (avtobus və metro) tariflər 20 qəpik təşkil edir (0,19 dollar).