Prezidentlər görüşərlərsə...

© SputnikИльхам Алиев и Серж Саргсян
Ильхам Алиев и Серж Саргсян - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər Azərbaycan və Ermənistan prezidentlərinin ehtimal olunan görüşü barədə fikirlərini bildirirlər.

Prezidentlər görüşərlərsə...
Dekabrın 19-da Azərbaycan və Ermənistan prezidentlərinin arasında görüş keçirilə bilər. Bu haqda məlumatı Ermənistanın “Jamanak” qəzeti yayıb. Qəzetin iddiasına görə, görüş İsveçrədə realaşa bilər. Lakin bunun hansısa tədbir çərçivəsində olacağı, yoxsa ölkə başçılarının məxsusən belə bir təmas üçün İsveçrəyə gedəcəkləri haqda bir şey deyilmir. Üstəlik, Azərbaycan tərəfi də hələlik məsələ ilə bağlı təsdiq edici rəsmi məlumat yaymayıb.

Bu, o deməkdir ki, əslində görüşün baş tutma ehtimalı elə də böyük deyil. O halda 2015 —ci sülh danışıqları aparıldığı müddətdə prezidentlərin birbaşa təmasının reallaşmadığı il kimi tarixə düşəcək. Hətta görüş alınsa belə, əksər analitiklərə görə, onun nizamlama prosesinə ciddi təsirinin olacağı mümkün görünmür. Bu mənada görüş heç dekabrın sonunda da baş tutmaya bilər. Hər halda Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, o, görüş xətrinə prezidentlərin görüşünün tərəfdarı deyil. 

Politoloq Fikrət Sadıxov yaxın perspektivdə konfliktin nizamlanması üçün güclü zəminin olmadığını düşünür:

“Minsk qrupunun həmsədrləri dəfələrlə bəyan ediblər ki, çalışırlar prezidentlər arasında görüş təşkil etsinlər. Bunu xüsusilə ilin sonuna kimi etmək istəyirlər. Çünki, il bitir həmsədrlər isə görülən işlər haqqında qərargahlarına mərüzə etməlidirlər. Lakin, biz bu görüşləri başqa cürə qəbul edirik. Azərbaycan tərəfi dəfələrlə bəyan edib və tamamilə düzgün hesab edir ki, görüş naminə görüş təşkil olunmamalıdır. Əgər Ermənistan yenidən özünü qeyir-konstruktiv şəkildə apararaq heç bir təklifə razılıq verməyəcəksə  bu danışıqlardan bir nəticə gözləmək mənasızdır. Minsk qrupunun həmsədrləri vaxtilə BMT Təhlükəsizlik Şurasında qətnamələr qəbul edən aparıcı dövlətlərin nümayəndələri kimi öz sözlərini deməlidirlər. Ermənistana müəyyən təzyiqlər göstərməlidirlər”.

Politoloq İlqar Vəlizadə isə prezidentlərin görüşünün irəli sürülən təkliflərdən asılı olduğunu deyir:

“Belə qısa müddətdə bu cür görüşün keçirilməsi real görsənmir. Görüşdən öncə dəqiq gündəliyi müzakirə etmək üçün həmsədrlər bölgəyə səfər etməliydilər. Belə bir halda baş verməyib. Həmsədrlər bir neçə həftə öncə regionda olub və bəzi müzakirələr aparıblar. Amma, son həftələr ərzində belə müzakirələr olmayıb. Cəbhə xəttində yaranmış gərginlik də görüşün real olduğundan xəbər vermir. Həmsədrlər belə bir görüş planlaşdırırdılar. Bununla bağlı müəyyən addımlarda atırdılar. Azərbaycan tərəfi isə ümumiyyətlə görüşün əlehinə deyildi və deyirdi ki, əgər real gündəlik olsa görüşü mümkün etmək olar. Amma, elə bir təklif hələ də ərsəyə gəlməyib. Belə bir vəziyyətdə isə yaqin ki, Xarici İşlər Nazirlərinin görüşü ola bilər. Amma, prezidentlərin görüşü üçün hələlik lazimi əsas yoxdur”.

Fikrət Sadıxov bildirir ki, artıq Ermənistanın nazi ilə oynamaq dövrü sona yetib, indi konkret addımlar atmaq lazımdır:

“Sadəcə olaraq söhbət beynəlxalq hüquq normalarından və prinsiplərindən gedir. Torpaqları qeyri-qanuni şəkildə işğal etmisən, ərazini öz nəzarətin altında saxlayırsan. Qarşında isə iki seçim var ya torpaqları azad et, ya Azərbaycanın hərbi gücü ilə qarşılaş. Seçim belədir. Bunun başqa heç bir yol yoxdur. Bunu Minsk qrupunun həmsədrləri də dərk etməlidirlər. Onlar elə hesab edirlər ki, onların missiyası yalnız dövlət başçılarını danışıqlar stolunun arxasına oturtmaqla kifayətlənir. Bu görüş protokol naminə bir görüş kimi hesablanır. Bizə isə konkret real nəticələr lazımdır”.

Xatırladaq ki, Ermənistanın "Qraparak” qəzeti də bir müddət əvvəl prezidentlərin bu il dekabrın 1-də Parisdə görüşəcəkləri barədə məlumat yaysa da, məlumat özünü doğrultmamışdı. 

Xəbər lenti
0