BAKI, 15 dek-Sputnik. Bu gün görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, 1952-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, 1974-cü ildə Azərbaycan Respublikası əməkdar elm xadimi, 1978-ci ildən Azərbaycan Dövlət mükafatı laureatı Həsən Əlirza oğlu Əliyevin anadan olmasından 108 il keçir.
Həsən Əliyev 15 dekabr 1907-ci ildə Zəngəzur qəzasının Comərdli kəndində anadan olub. Böyük Vətən Müharibəsində(1941-1945)iştirak edib.
Azərbaycan SSR Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitunun elmi işlər üzrə direktor müavini (1944-1949), eyni zamanda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim (1945-1949), Azərbaycan SSR Elmlər Akademiyası Botanika İnstitunun direktoru (1949-1952), Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirinin birinci müavini və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1952), Azərbaycan SSR Elmlər Akademiyasının akademik-katibi (1952-57), Azərbaycan SSR Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laboratoriya müdiri (1957-1967), Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru (1968-1993) vəzifələrində işləmişdir.
Əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edir. Keçmiş SSRİ-də ümumi əkinçilik və təbiəti mühafizə sahəsində görkəmli alim sayılırdı. O Cənubi Qafqaz torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib hazırlanmasına böyük əmək sərf edib.
Əliyevin "Həyəcan təbili" əsəri (Bakı, 1976, 1982) təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı, hərarətli müraciət, çağırışdır. Əliyev coğrafiya elmləri üzrə bir sıra problem şuralarının sədri və üzvü olub. Yüksək ixtisaslı kadrlar hazırlanmasında böyük xidməti var. Azərbaycan Respublikası Təbiəti Mühafizə Komitəsinin yaradıcısı və cəmiyyətinin sədri və Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti (1975-1990), "Azərbaycan təbiəti" məcmuəsinin baş redaktoru (1975-ci ildən) idi. Əliyev Yunanıstan (1958), Polşa (1960), ABŞ (1964, 1977), Rumıniya (1966), İsveçrə (1966), Avstraliya (1968), Kanada (1978), Yaponiya (1980), Almaniya (1981) və s. ölkələrdə keçirilmış beynəlxalq konqreslərdə məruzələr edib.
Həsən Əliyev Azərbaycan SSR Ali Sovetinin (10-11-ci çağırış) deputatı olub. Lenin, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz, Vətən müharibəsi, Şərəf nişanı ordenləri, SSRİ Elmlər Akademiyasının N. İ. Vavilov adına Qızıl medalı ilə təltif edilib. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Əliyevin adınadır. Dünya Universitetinin elmi və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü olub.
O, 2 fevral 1993-cü ildə Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Həsən Əliyev mərhum prezident Heydər Əliyevin qardaşı, memar Rasim Əliyevin atası, prezident İlham Əliyevin əmisidir.