Müvafiq qurumların çoxsaylı xəbərdarlıqları müəyyən qədər öz bəhrəsini versə də, Azərbaycanda bu il də yol-nəqliyyat hadisələrinin "qanlı siyahı"sı dolub daşır.
Sputnik-in Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə istinadən verdiyi məlumata görə, son bir il ərzində ölkənin avtomobil yollarında 2033 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Baş vermiş qəzalarda 816 nəfər həlak olub, 2069 nəfər xəsarət alıb. Bu müddət ərzində 837 qəza piyadaların vurulması nəticəsində baş verib. Nəticədə 302 piyada ölüb, 612 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ötmə qaydalarının pozulması və qarşıdan gələn avtomobilin hərəkət zolağına çıxması nəticəsində 753 qəza qeydə alınıb. Nəticədə 294 nəfər dünyasını dəyişib, 870 nəfər yaralanıb.
Bu il ərzində 571 qəza sürücülərin sürət həddinin aşılması nəticəsində baş verib. Həmin qəzalarda 267 nəfər ölüb, 465 nəfər isə yaralanıb.
Dəmiryolu keçidlərinin keçilməsi ilə bağlı baş verən 3 qəzada bir nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Ölkə yollarında sərxoş vəziyyətdə avtomobilin idarə edilməsi nəticəsində 48 qəza baş verib. Nəticədə 24 nəfər həlak olub, 61 nəfər yaralanıb.
Qeyd olunan dövr ərzində 75 qəza avtobus sürücüləri tərəfindən törədilib. Nəticədə 28 nəfər ölüb, 87 nəfər xəsarət alıb.
Yük avtomobilləri tərəfindən baş verən 122 qəzada 68 ölüm, 110 yaralanma faktı qeydə alınıb.
Uşaqların iştirakı ilə baş verən qəzalarda 64 azyaşlı ölüb, 195 uşaq xəsarət alıb.
Xatırladaq ki, ötən ilin müvafiq dövrü ilə qəzaların sayı 396 fakt, ölənlərin sayı 207 nəfər, xəsarət alanların sayı isə 383 fakt azalıb.