BAKI, 14 dek — Sputnik. "Türkiyə ilə Rusiya arasında yaranan gərginlik rus pilotların üzündən baş verib". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
"Yaşanan bu gərginliyə görə kimdir əsl günahkar? Əlbəttə hökumətlər deyil. Xəbərdarlıqlara qulaq asmayan, xəbərdarlıqları qulaq ardı edən pilotlardır təqsirkar. Belə bir vəziyyətdə bizim pilotlarımız öz vəzifə borclarını yerinə yetiriblər. Hansı ki, daha öncədən dəfələrlə bildirilmişdi. Təəssüf ki, bütün bunlara baxmayaraq, bir pilotun səhvi ucbatından iki ölkənin əlaqələri korlanıb. Bu bizi dərindən yaralayır".
Rusiyadan hələki yeni bir mesaj gəlmədiyini deyən Ərdoğan heç bir ölkənin bölgədə narahatlıq istəmədiyinə diqqət çəkib. Hadisədən sonra Rusiya prezidenti Vladimir Putinin duyğusal davrandığını deyən Ərdoğan, "Hörmətli Putin əslində məni yaxşı tanıyır. İstər Türkiyəyə səfərində, istərsə də mənim ora səfərimdə şəxsimlə bağlı olduqca müsbət fikirlər səsləndirib. İndi əsas vacib olan şey, gərginliyə fürsət vermədən məsələni diplomatik yollarla həll etməkdir" deyib.