Manatın taleyi Amerikadan asılıdı...

© Sputnik / Mikhail Kutuzov / Mediabanka keçidдоллар
доллар - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin fikrincə, neftin qiymətinin düşməsi Azərbaycanda növbəti devalvasiya siqnalını verir

Manatın taleyi Amerikadan asılıdı...
Neftin qiymətinin enməsi fonunda manatın ucuzlaşma ehtimalları yenidən güclənir. Ekspertlər manatın yenidən dəyərdən düşəcəyini bildirirlər. Belə ki, manat üçün neftin təhlükəli qiymət həddi olan 40 dollar göstəricisi artıq yaxınlaşıb.

Ekspertlərin sözlərinə görə, hökumət manatı saxlamaq üçün addımlar atır, amma onlar bir nəticə vermir. Üstəlik, bəzi amillər devalvasiya ehtimalını daha da artırır. Mərkəzi Bankın ehtiyatları əriyərək artıq kritik həddə yaxınlaşır. Bu səbəbdən də hökumətin manatı dəstəkləməkdən imtina edəcəyi gözlənilir.

Manatın dəyərdən düşəcəyini bildirən səbəb tək neftin qiymətinin enməsi deyil. Ekspert Samir Əliyevin fikrincə, bu məsələyə Amerika Mərkəzi Bankının uçot dərəcəsi haqda qəbul edəcəyi qərar da təsir edə bilər:

“15-16 dekabrda FED-in, yəni Amerika Mərkəzi Bankının iclası olacaq və orada, çox güman ki, uçot dərəcəsinin qaldırılması qərarı veriləcək. Ehtimal yüksəkdir. Bu baş verərsə, dollar bahalaşacaq. Rəsmi açıqlamalarda Mərkəzi Bankın rəhbəri, hətta maliyyə naziri də qeyd ediblər ki, 40 dollara qədər manat üçün təhlükə yoxdur, 40 dollardan sonra təhlükə yaranır. Və indi də, artıq 40 dollar civarındadır və hətta bir müddət 39-a qədər düşmüşdü. Deməli, yenə də bu məsələ gündəmə gəlir. Neftin qiymətinin düşməsi Azərbaycanda növbəti devalvasiya – manatın ucuzlaşması siqnalını verir. Bu da qiymətlərin artması və yüksək inflasiya ilə qarşılana bilər”.

Ekspert Əkrəm Həsənov da devalvasiyanın qaçılmaz olduğunu bildirib. Onun sözlərinə görə, neftin qiyməti 50 dollar olsa belə, bu baş verəcək. Çünki Mərkəzi Bankın valyuta ehtiyatları əriyir, ölkənin valyuta gəlirləri azalır, Mərkəzi Bank isə ötən müddət ərzində bunun qarşısını almaq üçün heç bir əməli tədbir görməyib.

İqtisadçı ekspert Nicat Hacızadənin sözlərinə görə, yenidən devalvasiya olarsa, keçən dəfəki kimi sərt deyil, axan məzənnə ilə baş verə bilər:

“Hal-hazırda Azərbaycan manatı riskli haldadır. Həm Dünya Bankı, həm Beynəlxalq Maliyyə Korporasiyasının proqnozları da bunu göstərir ki, manatın 2016-cı ildə bir qədər dəyərdən düşmə proqnozu var və mümkün ola bilər. Səbəb də bundan ibarətdir ki, artıq Mərkəzi Bankın ehtiyyatları yetərincə azalıb. Hal-hazırki ehtiyyatlarla intervensiya etmək də çox risklidir. Axan məzənnə siyasətinə keçid hazırda prioritetdir. 2016-cı ildə proqnoz var ki, manat üzən məzənnə sisteminə keçsin və bazara artıq rahat şəkildə buraxılsın”.

Qeyd edək ki, ölkədə pul kütləsi də azalır və proqnozlara görə, azalma hələ davam edəcək. Pul kütləsinin azalmasını da ekspertlər manatın dəyərdən düşməsi ilə bağlayırlar. Çünki hamı Mərkəzi Bankın buraxdığı manatı bəyənməyərək geri qaytarıb, əvəzində dollar alır. Nicat Hacızadənin fikrincə, bu, əhalinin manatın zəifləyəcəyini hiss etməsi ilə bağlıdır:

“Əhalinin əlindəki pul kütləsi hazırda manatladır. Gün ərzində əhalinin dövr etdiyi pullar manatladır. Amma əhali bazardan dolları bir qədər özünə tərəf götürüb və onu, banklarda depozit şəklində və ya öz evlərində saxlayırlar. Hazırda əhali dollara daha çox inanır. Manatın zəifləməsi proqnozlarını artıq əhalinin əksər hissəsi gözləyir və özü də proqnozlaşdırır ki, manat bir qədər dəyərdən düşəcək”.

Samir Əliyev qeyd edib ki, “Nə qədər çətin olsa da, deməliyik ki, artıq devalvasiyanın olub-olmaması yox, onun necə və nə vaxt baş verməsi müzakirə mövzusudur. Mövcud amillər devalvasiya ehtimalını artırır. Azərbaycanın ən böyük valyuta ehtiyatı cəmləşən Neft Fondu çətin durumdadır. Fondun bu il gəlirləri ən yaxşı halda 7 milyard manat civarında olacaq. Halbuki Fondun təkcə büdcə qarşısında öhdəliyi 8,1 milyard manatdır. Deməli, Fondda təxminən 2 milyard manata yaxın kəsir yaranacaq və yəqin ki, xaricdəki aktivlərinə müraciət etməli olacaq. Devalvasiya Neft Fondu üçün əlavə oksigen ola bilər”.

Ekspertlərin fikrincə, neftin hazırki qiymətləri manata dəstək verə bilmir. Reallıq göstərir ki, manatı indiki səviyyədə uzun müddət saxlamaq mümkün olmayacaq. Hökumət isə hazırda iki seçim qarşısında qalıb: kəskin, yoxsa yumşaq devalvasiya?..

Xəbər lenti
0