BAKI, 13 dek-Sputnik. "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.
Sputnik FHN-in saytına istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin "Vixr-5" və "Vixr-8" tipli 2 gəmisi yanğının söndürülməsi, 2 helikopteri və "B-200ÇS" təyyarəsi itkin düşənlərin axtarışını aparır.
Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır. Bundan başqa "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar mümkün neft dağılmaları ilə mübarizə üçün Fövqəladə Hallar Nazirliyi, SOCAR və BP şirkəti olmaqla işçi qrupu yaradılıb.
Ərazini mümkün neft dağılmalarından qorumaq məqsədi ilə su səthinə Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin çoxtəyinatlı və çoxfunksiyalı "Svetlomor" və "Sunmar" gəmiləri tərəfindən bon çəpərləri qurulur.