BAKI, 12 dek-Sputnik. İraqdakı şiə liderlərdən biri Müqtəda Əs Sədr Türkiyəni işğalçı adlandırıb və onu müharibə ilə hədələyib.
Sputnik Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, Əs Sədr "Türkiyə işğalı qapıdadır" deyə bildirib.
İraqın Nəcəf şəhərindəki Kufə məscidindəki xütbəsində camaata xitab edən Əs Sədr Amerika işğalına qarşı döyüşdüklərini vurğulayıb: "Türk işğalı qapıdadır. Bəzi qruplar buna qarşı həm hərbi, həm də başqa yollarla döyüşür. Bu qruplar əgər vəzifələrini yerinə yetirə bilməsələr, biz müdaxilə etməyə və Türkiyə ilə də savaşmağa hazırıq".
İraqın paytaxtı Bağdad başda olmaqla bu gün Bəsrə, Meysan və Babildə sui-qəsdçilər əleyhinə təşkil edilən izdihamlı nümayişlərdə Türkiyənin Mosula əsgər göndərməsinə də etiraz bildirilib. Ankaradan öz hərbçilərini geri çağırmaq tələb olunub.
Bəsrə vilayətinin Məclisinin toplantısında Türkiyə mallarının boykot edilməsi barədə qərar çıxarılıb. Bundan əlavə Məclis, təşkil edəcəyi tenderlərə Türkiyə firmalarını buraxmamaq barədə qərar qəbul edib.
Məclis Bəsrədə keçirilən 70 firma və 10 ölkənin qatıldığı beynəlxalq sərgiyə Türkiyənin sponsorluğunu da ləğv edib. Türkiyənin sponsorluq edən şirkəti sərginin bir Misir şirkəti tərəfindən təşkil etdiyini bildirib.
Sabah Bəsrədə şiə milislərin başçılığı altında nümayişin keçirilməsi planlaşdırılır.