İlham Əliyevin Çin səfəri tarixi hadisə oldu

© Azərtacİlham Əliyevin Çində rəsmi qarşılanma mərasimi
İlham Əliyevin Çində rəsmi qarşılanma mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Novruz Məmmədov: Çin Xalq Respublikasının Azərbaycan Prezidenti İlham Əliyevin səfərinə dövlət səfəri statusu verməsi xüsusi bir yanaşmanın göstəricisidir.

BAKI, 12 dek-Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri tarixi hadisə oldu. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov qeyd edib: "Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, bu səfər, ümumiyyətlə, həm formasına, həm məzmununa, həm də statusuna görə tarixi bir səfər oldu. Ümumiyyətlə, son vaxtlar dünyada, o cümlədən regionda gedən prosesləri nəzərə alsaq, təhlil etsək, bu proseslərin fonunda, müstəvisində Azərbaycan Prezidentinin Cin Xalq Respublikasına dövlət səfəri çox mühüm, tarixi bir hadisə oldu. Birincisi, dövlətlərin hər birində ildə 2-3 səfərə bəzən dövlət səfəri statusu verilir. Ola bilər ki, il ərzində 10-15 səfər olsun, amma ikisinə dövlət səfəri statusu verilir".

PA rəsmisi bildirib ki, Çin Xalq Respublikasının Azərbaycan Prezidenti İlham Əliyevin səfərinə belə bir status verməsi xüsusi bir yanaşmanın göstəricisidir: "Doğrudan da səfərin özü, səfər zamanı aparılan danışıqlar, görüşlər, müzakirələr, fikir mübadiləsi, burada imzalanan sənədlər — 10 sənəd imzalandı, bu sənədlərin də ən mühümü Azərbaycan Prezidenti ilə Cin Xalq Respublikasının Sədri arasında Birgə Bəyannamə oldu — mənim dediklərimi tam ətraflı sübut edir. Elə bir sahə olmadı ki, həmin sahə ətrafında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi haqqında danışıqlar aparılmasın".

N.Məmmədov əlavə edib ki, bu gün dünyada baş verən hadisələrin, proseslərin fonunda iki ölkənin dövlət başçılarının görüşüb fikir mübadiləsi aparması, müəyyən sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır: "Qeyd edim ki, həm Çin Xalq Respublikası, həm də Azərbaycan Respublikası son 10 ildən artıq müddətdə sabit və təhlükəsiz şəraitdə davamlı və uğurlu inkişafı təmin edən dövlətlərdir. Baxmayaraq ki, Azərbaycan kiçik dövlətdir, Çin isə dünyanın ən qüdrətli dövlətlərindən biridir. Biz bir-birimizə qarşılıqlı hörmət etmək, qarşılıqlı maraqları qorumaq, faydalı əməkdaşlıq etmək niyyətindəyik. Bu işlərimizə heç nə mane ola bilməz. Buna görə də bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi, bununla bağlı səy göstərilməsində qətiyyətin, iradənin ortada olması çox böyük əhəmiyyət daşıyır. Hətta orada ÇXR-in Sədri belə bir fikir səsləndirdi ki, Azərbaycanla Çin arasında qədimdən əlaqələr olub. Bu əlaqələr xalqlarımız arasında da çox qədimdən olub. Onu isə Azərbaycan Prezidenti ilə şəxsi dostluq əlaqələri birləşdirir".

O, qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı çox faydalı, mövqelərin üst-üstə düşdüyü bir söhbət alındı və razılaşdırmalar əldə edildi: "Eyni zamanda beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq xüsusi qeyd olundu. Bu ilin birinci yarısında biz Şamxay Əməkdaşlıq Təşkilatına Dialoq üzrə tərəfdaş olmuşuq. Hətta bizim Prezident orada iştirak etməsə də, onlar bizi buraya qəbul ediblər. Eyni zamanda maliyyə-bank sahəsində əməkdaşlığın xüsusi yeri qeyd olundu".

O vurğulayıb ki, eyni zamanda Çin Xalq Respublikasının rəhbərliyi Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun, ədalətli həlli məsələsinə çox qətiyyətli dəstəyini göstərdi və bundan sonra da bu mövqedə olacaqlarını qeyd etdilər: "Həmçinin Azərbaycan tərəfi "Vahid Çin" prinsipində öz konkret mövqeyini həmişə bildirəcəyini bəyan etdi. Bu isə bütün sahələrdə bizim aramızda tam anlaşma olduğunu göstərir. Bunun çox böyük əhəmiyyəti var. Bütün bunlar iki ölkə arasında imzalanmış sənəddə də qeyd olundu".

Xəbər lenti
0