BAKI, 11 dek — Sputnik. "1992-ci ildən bugünədək hər il fərqli adlarda "İqlim dəyişikliyi ilə mübarizə" konfransları keçirilir. Ancaq bəzi dövlətlərin ucbatından irəliyə doğru heç nə baş vermir". Bu barədə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov, jurnalistlərə açıqlamasında deyib.
Ekoloq, iqlim dəyişikliyinin baş verməsində insan təsirinin rolu olduğunu qeyd edib.
"Allah kainatı nizam-intizamla yaradıb. Əgər insan müdaxiləsi olmasa təbiət özü özünü tənzimləmə gücünə malikdir. Əgər bugün qlobal istiləşmə varsa, böyük dövlətlərin bunda böyük rolu var" — deyə Telman Zeynalov bildirib.
Rusiya prezidenti Vladimir Putinin Fransanın paytaxtı Parisdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransındakı (COP21) çıxışına toxunan Zeynalov, həmin çıxışdan kimlərin iqlimi korladığını asanlıqla anlamaq olar deyib:
"Cənab Putin öz çıxışında dedi ki, Rusiya Sovetlər İttifaqı dağılandan sonra havaya buraxılan zərərli maddələri 80%-dək azaldıb. Putin bir növ demək istəyirdi ki, bizdə zavodlar və fabriklər işləmir. Günahkarı başqa yerlərdə axtarın".
Ekoloq Telman Zeynalov, ABŞ başda olmaqla Fransa, İngiltərə və Almaniyanın iqlimin korlanmasında xüsusi rolu olduqlarını vurğulayıb.