Neftdən gələn böyük təhdid

© Sputnik / Iliya Pitalev / Mediabanka keçidOil production in cities of Khanty-Mansiysk Autonomous Okrug
Oil production in cities of Khanty-Mansiysk Autonomous Okrug - Sputnik Azərbaycan
Abunə olmaq
Qara qızılın dəyərdən düşməsi hər şeyə təsir göstərəcək

Neftdən gələn böyük təhdid
Dünya bazarında neft dayanmadan ucuzlaşmaqdadır. Dekabrın 10-na olan məlumata görə, brent markasından olan neftin bir barreli 40,73 dollardır. Qərbi Texas neftinin qiyməti 37,65 dollara enib. Beləliklə, Brent neftinin qiyməti 5,8 faiz enib. London birjasında keçirilmiş hərraclarda isə "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,64 dollar və ya 1,54% azalaraq 40,94 dollar təşkil edib. 

Ekspertlər bildirirlər ki, neftin qiyməti yaxın və ortamüddətli perspektivdə aşağı səviyyədə qalacaq. Nüfuzlu neft investorlarının on illik proqnozları da neft bazarları üçün yaxşı heç nə vəd etmir. Bir çox ekspertlər yaxın gələcəkdə qiymətin 20 dollara enəcəyinə tam real bir ehtimal kimi baxırlar. 

İqtisadçı ekspert Samir Əliyev  “Sputnik”ə neftin ucuzlaşması səbəblərindən danışıb:

“OPEC-in son görüşündə hasilatın azaldılmaması ilə bağlı qərar verildi. Hasilatın özü olmasa da artırılma limti qaldırıldı. Bu da təbii ki, bazara təsir göstərdi. Hazırda bazarda artıq neft təklifi var. Təklif tələbdən çoxdur. Dekabrın 15-16-da Amerikada Federal Ehtiyat Sisteminin (Mərkəzi Bank) iclası olacaq. Çox güman ki, bu iclasda uçot dərəcəsinin qaldırılması məsələsi ilə bağlı qərar veriləcək. Uçot dərəcəsinin qaldırılması ehtimalı yüksəkdir. Əgər bu baş verərsə, onda dollar bir az da möhkəmlənəcək. Bu da neftin qiymətini aşağı salan amillərdəndir. Çünki, bir qayda olaraq dollar bahalaşanda neftin ucuzlaşması müşahidə edilir. İranın bazara daxil olması məsələsini də qeyd etmək lazımdır. İran rəsmiləri deyir ki, biz bazara kifayət qədər neft çıxara bilərik. Bu səbəblərə görə biz neftin qiymətinin aşağı düşməsini müşahidə edirik. Oktyabrdan başlayaraq neft artıq stabil olaraq düşür”.

Son vaxtlar ayrı-ayrı KİV-lər və bəzi mütəxəssislər tərəfindən dünya bazarında neftin kəskin şəkildə ucuzlaşması ilə əlaqədar müxtəlif mülahizələr irəli sürülür. Bəziləri bunun əsl səbəbinin məhz siyasi amillə əlaqədar olduğunu qeyd edirlər.

Politoloq Tofiq Abbasov belə düşünür:“ Başda Rusiya və İran olmaqla iqtisadiyyatını bilavasitə neft hasilatı ilə əlaqələndirmiş ölkələr bazar konyukturasını formalaşdıran dövlətlərin marağında deyillər. Ona görə də ABŞ və Qərb ölkələri bötüvlükdə bu məsələdə yaxından iştirak edirlər. Onların burada əsas məqsədi özlərinin də qeyd etdiyi kimi bu ölkələrin iqtisadiyyatını  çökdürmək və bazardan sıxışdırmaqdır. Əgər bu ölkələrin idxal potensialı zəifləyərsə deməli daxildə büdcə kəsrləri artacaq. Bu isə çox güman ki, ölkə daxilində xalq kütlələrinin etiraz aksiyalarına səbəb olacaq. Narazılardan isə mövcud rejimi dəyişmək və yaxud da siyasi rəhbərliyə təsir vasitəsi kimi istifadə etmək sitəyirlər. Ona görə ki, xarici siyasət bölümündə  fövqəl qüvvələrin planlarının həyata keçirilməsində onlara mane olmasınlar”.

Nəzərə alsaq ki, 2016-cı il dövlət və icmal büdcə gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiyməti 1 barrel üçün 50 ABŞ dolları götürülüb. Belə olan halda bu cür tendensiya Azərbaycana nə vəd edir? Xüsusilə manatın neftin qiymətindən asılı olduğu bilindiyi bir zamanda belə tendensiya büdcə üçün hansı çətinlikləri yaradır?  

 Samir Əliyev bildirir ki, qara qızılın ucuzlaşması tək neft sektoruna yox, həm də qeyri-neft sektoruna güclü zərbədir. Ona görə ki, qeyri-neft sektorunun da əsasını neft sektorundan gələn gəlirlər təşkil edir. Ekspertin fikrincə, neftin qiymətinin 40 dollara enməsi manat üçün təhlükə yaratmır. Ancaq 40 dollardan aşağı düşərsə, manatın məzənnəsinə yenidən baxılmalıdır:

“Azərbaycan iqtisadiyyatının neftdən asılılığı çox yüksəkdir. İxaracatın 93%-i neft və neft məhsullarıdır. Düzdür bu il bir az vəziyyət dəyişib. Bu isə o deməkdir ki, dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycana neqativ təsir göstərməlidir. Artıq bir dəfə bu təsiri göstərib. İlin əvvəlində devalvasiya olub. İxrac kəskin azalıb idxal isə artıb. Ödənilmə balansında profsit minimal həddə qədər azalıbdır. Halbuki, bir il bundan qabaq kifayət qədər yüksək idi. Yəni bunlar hamısı iqtisadiyyat üçün çətinlik yaradan amillərdir. 2016-ci ilin dövlət büdcəsi 25% ixtisar olunub. Əgər neft düşməkdə davam edirsə bizim büdcəylə bağlı problemlər olacaq. Bu isə daha çox neft fonduna təsir edəcək”.

Qeyd edək ki, sonuncu dəfə neftin qiymətinin bu həddə düşməsi 2009-cu ilin martında baş verib.

Xəbər lenti
0