BAKI, 11 dek — Sputnik. "Prezidentin sərəncamını dinləyən yoxdur. Marketlər süni qidalarla ağzına kimi doludur". Bunu Sputnik-ə açıqlamasında ekoloq Telman Zeynalov deyib.
Onun sözlərinə görə, ölkə başçısının dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, iri məmurlar xaricdən geni dəyişdirilmiş məhsullar gətirməkdə davam edirlər.
"Çox maraqlıdır, prezident GMO-larla (genetik modifikasiya olunmuş məhsullar) bağlı sərt ismarıclar verir, sərəncamlar imzalayır, amma əməl edən yoxdur. İri məmurlar prezidentin sərəncamını qulaq ardına vururlar. Deməli, tək sərəncam verməklə iş bitmir. Sərəncamın yerinə yetirilməsinə nəzarət edilməlidir. Ciddi tələb olmalıdır" — deyə Zeynalov bildirib.
"Tez-tez bazarlara, marketlərə gedirəm. Alıcıları aldadırlar ki, bu filan yerin məhsuludur, bu filan yerin. Misal üçün, kartofu nümunə çəkə bilərəm. Satıcılar müştərilərə İrandan gətirdikləri kartofu Gədəbəy kartofu kimi sırımağa çalışırlar. Halbuki, mən özüm Gədəbəydə olmuşdum. İnsanlar quraqlıq səbəbilə bu il məhsul olmadığını söyləyirlər. Olmayan Gədəbəy kartofu bazara necə çıxa bilər?!" — deyə ekoloq əlavə edib.