CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan konsulluğu Los-Ancelesdə səfillərə isti yemək payladı

© APAAzərbaycanın Los Angelesdəki Konsulluğunda səfillər üçün xeyriyyə tədbiri
Azərbaycanın Los Angelesdəki Konsulluğunda səfillər üçün xeyriyyə tədbiri - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın Los Anceles şəhərində Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib.

BAKI, 11 dek-Sputnik. Dekabrın 10-da ABŞ-ın Los Anceles şəhərində Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Sputnik-ə verilən məlumata görə, aksiyada kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün süfrə açılaraq, 500 nəfərə isti yeməklər verilib. Baş Konsulluğun təşəbbüsü və dəstəyilə keçirilən tədbir ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan "Los Anceles Missiyası"nda (LAM) təşkil olunub. Aksiya zamanı baş konsul Nəsimi Ağayev və Baş Konsulluğun əməkdaşları "LAM"-ın könüllülərinə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər.

Tədbirdən öncə baş konsul N.Ağayev "Los Anceles Missiyası"-nın rəhbəri Herb Smitlə görüşüb. Görüş zamanı baş konsul, Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib. Baş konsul vurğulayıb ki, H. Əliyev xalqın tələbilə 1993-cü ildə hakimiyyətə qayıdaraq, Azərbaycanı böyük bəlalardan xilas edib, ölkəmizin müstəqilliyinin qorunmasında və daha da gücləndirilməsində misilsiz rol oynayıb. N. Ağayev H. Əliyevin daxili və xarici siyasətinin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və nəticədə Azərbaycanın dünyanın ən sürətlə çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini bildirib.

H. Smit kimsəsiz və evsiz-eşiksiz şəhər sakinlərinə yardım məqsədilə Baş Konsulluq tərəfindən həyata keçirilən bu xeyriyyə tədbirinin olduqca vacib olduğunu vurğulayaraq, bu aksiya vasitəsilə böyük tarixi şəxsiyyət olan Heydər Əliyevi daha yaxından tanıma imkanı qazandıqlarını bildirib. H.Smit qeyd edib ki, bu tədbir eyni zamanda Azərbaycan xalqının və dövlətinin humanizm prinsiplərinə nə qədər sadiq olmasının, eləcə də digər mədəniyyət və etiqadlara hörmətlə yanaşmasının ən böyük göstəricilərindən biridir.

Baş Konsulluğun dəvətilə xeyriyyə aksiyasına qatılan Los Ancelesin xristian dini icmasının tanınmış xadimlərindən olan, 40-dan çox kilsənin yaradıcısı yepiskop Karlos Mendez, bu xeyirxah təşəbbüsü yüksək qiymətləndirərək, Heydər Əliyevin tarixi xidmətlərini qeyd edib. Yepiskop Mendez bildirib ki, Heydər Əliyev dahi dövlət xadimi kimi həm Azərbaycanın müstəqilliyinin qorunmasında və güclənməsində, həm də bütün bölgədə sabitliyin bərpasında önəmli rol oynayıb.

Xəbər lenti
0