BAKI, 10 dek — Sputnik. Böyük Britaniyanın məşhur Populus araşdırma şirkətinin "Sputnik.Rəy" layihəsi çərçivəsində Sputnik Beynəlxalq İnformasiya Agentliyi və radiosu üçün keçirdiyi sorğunun nəticələrinə görə, ABŞ və Avropa ölkələrində yaşayan insanların 56%-i hesab edir ki, onlar öz ölkələrinin xarici siyasətinə heç bir təsir göstərə bilmirlər.
"Sizin ölkənizdə sadə vətəndaşlar xarici siyasətə necə təsir göstərə bilirlər?" sualına respondentlərin Şərqi Avropada 60%-i, Qərbi Avropada isə 57%-i "ölkələrinin xarici siyasətinə və beynəlxalq arenada oynadığı rola heç bir təsir göstərə bilmədikləri" cavabını veriblər.
Sadə vətəndaşların ölkənin xarici siyasətinə təsir etməmək gücü Bolqarıstanda xüsusilə yüksəkdir — 83%. Bu, sorğuya cəlb olunmuş ölkələr arasında ən yüksək faizdir. Onun ardınca Almaniya gəlir. Burada analoji fikirdə olanların sayı 65%-dir.
Polşada rəyi soruşulanların 63%-i, Böyük Britaniyada 55%-i, Fransada isə 51%-i bu fikri paylaşır.
Avropada sorğuda iştirak edənlərin yalnız 30%-i hesab edirlər ki, kiçik təsirdən söhbət gedə bilər. Sadə vətəndaşların xarici təsirinin yüksək olduğunu hesab edənlərin Avropa üzrə payı 5%-dən çox deyil.
Yalnız ABŞ-da fikirlər haçalanıb: sadə vətəndaşların xarici siyasətə təsir etmədiklərini düşünənlərlə kiçik də olsa təsirin mövcudluğunu iddia edənlərin sayı təxminən bərabərdir: müvafiq olaraq 41% və 38%. 14% isə əmindir ki, sadə vətəndaşların xarici siyasətə təsiri çoxdur. Bu isə Avropada olduğundan təxminən 3 dəfə üstün rəqəmdir.
Sorğu Populus araşdırma şirkəti tərəfindən 25 sentyabr-15 oktyabr 2015-ci il tarixlərində keçirilib. Sorğuda 8000 adam iştirak edib. Burada Böyük Britaniya, Almaniya, ABŞ, Fransa, Bolqarıstan, Macarıstan, Çexiya və Polşanın hərəsindən 1000 nəfər qatılıb. Hər bir ölkədə göstəricilərin etibarlılıq intervalı +/- 3,1% qiymətləndirilib və 95%-in fikri etibarlı hesab edilib.
İctimai rəyin öyrənilməsi üzrə "Sputnik.Rəy" beynəlxalq layihəsinə 2015-ci ilin yanvarında start verilib. Əsas tərəfdaş Populus araşdırma şirkətidir. "Sputnik.Rəy" layihəsi çərçivəsində ABŞ və Avropa ölkələrində aktual olan sosial və siyasi mövzularla bağlı davamlı olaraq ictimai rəy sorğusu keçirilir.
Sputnik (sputniknews.com) — onlarla ölkədə yayınlanan multimedia informasiya şəbəkəsidir. Sputnik müxtəlif dillərdə yayınlanan saytlara, analoqlu və rəqəmsal radiolara, mobil əlavələrə, sosial şəbəkələrdə səhifələrə malikdir.