Banklar məhz bu sahəyə kredit vermək istəmir

Abunə olmaq
Ekspertlərin fikrincə, aqrar sektorun kommersiya banklarının kredit qoyuluşlarından istifadə imkanları nisbətən məhduddur

Banklar məhz bu sahəyə kredit vermək istəmir
Son bir ildə ölkədə əhalinin gəlirlərinin aşağı düşməsi biznes mühitinin pisləşməsinə gətirib çıxarıb. Bir tərəfdən manatın devalvasiyası sahibkarlığın inkişafına mənfi təsir göstəribsə, digər tərəfdən kredit təşkilatları tərəfindən biznes kreditlərinin azaldılması kapital çatışmazlığı yaradıb. Ekspertlər hesab edir ki, həm kredit qoyuluşlarının azalması, həm də vergi dərəcələrinin artması kiçik və orta sahibkarlar üçün ölüm deməkdir.

Kreditlərin iqtisadi sahələr üzrə strukturuna baxdıqda əsas azalma kənd təsərrüfatı və ticarət sektorundadır. İstehlak kreditlərində isə əskinə, sentyabr ayı ilə müqayisədə artım olsa da, ilin əvvəlinə nisbətən müəyyən qədər azalma var. 

İqtisadçı ekspert Natiq Cəfərli kredit qoyuluşunun azalmasının devalvasiyadan sonra banklarda yaşanan problemlərlə daha çox bağlı olduğunu düşünür. “Problemli kreditlərin artması bankları risk mühitini daha da artırmağa məcbur edir. Nəticədə isə banklar daha az kredit verirlər bu da təbii ki, ölkə iqtisadiyyatına qoyulmuş investisyaları azaldır”- deyə Natiq Cəfərli vurğulayıb:

“Banklar kənd təsərrüfatında kreditləşməyə  o qədər də həvəslə getmirlər. Çünki, bu çox risklidir. Təssüf ki, kənd təsərrüfatında da risklərin sığortalanması çox aşağı səviyyədədir. Yəni iqlim dəyişikliyindən asılı olaraq bir çox hallarda məhsulun azalması və yaxud itkisi prosesi olur. Belə olan halda isə kənd təsərrüfatı sahəsində kredit götürmüş şəxslər kreditlərin geri qaytarılmasında problemlərlə üzləşirlər. Bu sahələrin sığortalanması o qədər də güclü inkişaf etmədiyinə görə bu banklar üçün problemlər yaradır. Ona görədə kənd təsərrüfatının kreditləşməsinə həvəssiz gedirdilər. Ümumiyyətlə bank sektorunda olanlarla bağlı kənd təsərrüfatına daha az diqqət yetirməyə başlayırlar. Ticarətin kreditləşməsinin azalması isə bir çox amillərlə bağlıdır. İqtisadi aktivliyin azalması insanların marağını azaldıb. Bu isə pərakəndə ticarətə ciddi təsir göstərib. Şəxsi istehlak kreditlərinin artmasının yeganə səbəbi isə insanların iş yerlərinin və ya gəlirlərinin azalması və yaxud itirilməsi ilə əlaqədardır. Yəni insanlar artıq məcburən kiçik həcmli istehlak kreditlərinə yönəlirlər ki, müvəqqəti olaraq öz problemlərini həll etsinlər”. 

 Bu ilin ortasında aqrar sektor üzrə kredit qoyuluşları 950 milyon manata qədər yüksəlmişdi. Borc verən təşkilatlar tərəfindən kreditlərə qoyulan məhdudiyyətlər sözügedən sektora da öz təsirlərini göstərdi. İnşaat və əmlak üzrə azalma təqribən 100 milyon manata yaxındır. Oktyabr ayında bu sahədə kredit qoyuluşları 2.4 milyard manat təşkil edib.

İqtisadçı ekspert Vüqar Bayramlının fikirncə,  aqrar sektora kredit qoyuluşunun həcminin artırılması üçün bəzi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var:

“Aqrar sektor bu gün kommersiya banklarından daha çox kreditlərin cəlb edilməsi baxımdan prioritetdir. Amma, çox təəssüf ki, real sektora kreditlərin qoyuluşunda azalmalar var. Xüsusəndə aqrar sektorun kommersiya banklarının kredit qoyuluşlarından istifadə imkanları nisbətən məhduddur. Təbii ki, bu aqrar sektorun inkişafı baxımından arzu olunan deyil. Çünki, aqrar sektorun inkişafı maliyyə təminatının gücləndirilməsindən asılıdır. Təssüf ki, aqrar sektorun maliyyə təminatının gücləndirilməsində isə çətinliklər qalmaqdadır. Bu istiqamətdə kreditlərin artırılmasına ciddi ehtiyac var. Bunun üçün isə ilk növbədə kommersiya bankları kredit qoyuluşunun artırılması baxımdan stimullaşdırılmalıdır. Biz hökümətə kommersiya banklarının aqrar sektora yönəltdiyi kreditlərin həcminin artırılması üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi və vergi güzəştlərinin tətbiq edilməsini təklif edirik. Çünki, bu banklarda aqrar sektora daha çox kreditlərin verilməsinə maraq yaradacaq. Bütün hallarda aqrar sektora yönəldilən kreditlərin həcminin azaldılması arzu edilən deyil”. 

Qeyd edək ki, Mərkəzi Bankının bu ilin 10 ayına dair məlumatına görə, respublika üzrə ümumi kredit qoyuluşlarının həcmi 18.5 milyard manat olub. Son üç ayda isə kredit qoyuluşlarının həcmi 1.5 milyard manatdan çox azalıb.

Xəbər lenti
0