BAKI, 9 dek – Sputnik. “Leyla və Arif Yunusların azadlığa buraxılması müsbət haldır. Həm də çox sevindiricidir”. Bunu Sputnik-ə açıqlamasında hüquqşünas Fuad Ağayev deyib.
Onun sözlərinə görə, sonda ədalət bərpa olub və məhkəmə doğru qərar verib.
Fuad Ağayev, hazırda həbsdə olan məşhur jurnalist Rauf Mirqədirovun da azadlığa çıxacağına ümid etdiyini bildirib.
Hüquqşünas Fuad Ağayev həm də Rauf Mirqədirovun vəkilidir.
Leyla Yunusun barəsində təyin olunan 8 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab olunub. Onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib. Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb.
Eyni zamanda Arif Yunus barəsində 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.