BAKI, 9 dek-Sputnik. Azərbaycanda qanunsuz toplantıların, mitinqlərin, yürüşlərin və s. təşkili ilə bağlı məsuliyyət nəzərdə tutan maddənin adı və şərtləri dəyişdirilir, cəzalar ağırlaşdırılır.
Sputnik APA-ya istinadən xəbər verir ki, Milli Məclis bu halları nəzərdə tutan maddənin yeni İnzibati Xətalar Məcəlləsində yeni redaksiyada verildiyini bildirib.
Yeni məcəllədə "Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması" adlanan 512-ci maddədə deyilir ki, "Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun ilə müəyyən edilmiş qaydasının pozulmasına görə, fiziki şəxslər 1500 manatdan 3000 manata qədər cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 200 saatdan 240 saatadək ictimai işlər və ya 2 aya qədər inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər isə 3 000 manatdan 6 000 manata qədər, hüquqi şəxslər 15 000 manatdan 60 000 manata qədər cərimə olunur".
"Sərbəst toplaşmaq azadlığı haqqında" qanunla müəyyən edilmiş qaydanın pozulmasına görə, fiziki şəxslər 1500 manatdan 3000 manata qədər cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 200 saatdan 240 saatadək ictimai işlər və ya 2 aya qədər inzibati həbs tətbiq olunur.
Maddənin ikinci hissəsində isə deyilir ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə 300 manatdan 600 manata qədər cərimə, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 200 saata qədər ictimai işlər və ya 2 aya qədər inzibati həbs tətbiq edilir.
Maddənin "Qeyd" hissəsində isə bildirilir ki, yuxarıda nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyəti tətbiq olunur.
Qeyd edək ki, göstərilən hallarla bağlı hazırda qüvvədə olan 298-ci maddə "Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasının pozulması" adlanır və qısa olaraq belə təsbit olunur: "Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasının pozulmasına görə, xəbərdarlıq edilir və ya 7 manatdan 13 manatadək miqdarda cərimə edilir".
Azərbaycan Prezidenti tərəfindən təqdim olunan yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunduğu halda mayın 1-dən qüvvəyə minəcək.