BAKI, 9 dek-Sputnik. Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.
Sputnik xəbər verir ki, bu barədə Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.
F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.
Fuad Qəhrəmanlının yaşadığı mənzildə axtarış aparılıb.
Fuad Qəhrəmanlı saxlanılaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə aparılıb.
Fuad Qəhrəmanlı özü isə çıxarılan qərardan narazıdır. Bu barədə Trend-ə F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, artıq qərardan apelyasiya şikayəti hazırlanıb: "Bu gün şikayət Bakı Apelyasiya Məhkəməsinə təqdim ediləcək. Fuad Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması — zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və onun sosial şəbəkələrdə bu cür çağırışlar etdiyi iddia edilir. Fuad Qəhrəmanlı isə bu ittihamlarla razılaşmır və sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyir. Buna görə də o, qərardan apelyasiya şikayəti verib".