“Günəşli” faciəsi şahidlərin gözü ilə...

© QafqazinfoGünəşli yatağında yanğın
Günəşli yatağında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Güclü külək, şiddətli dalğalar və qəfildən dəhşətli partlayış...

“Günəşli” faciəsi şahidlərin gözü ilə...
"Günəşli" yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində itkin düşən 29 nəfər haqda əlavə məlumat əldə olunmayıb. İndiyədək 33 nəfər təxliyə olunub, bir nəfərin cəsədi sudan çıxarılaraq təhvil verilib. 29 nəfərin tapılması ilə bağlı axtarış-xilasetmə tədbirləri isə davam etdirilir.

Mərkəzi Neftçilər Xəstəxanasın növbətçi cərrahı Adil Hüseynov “Sputnik”ə xəstələrin vəziyyəti haqda məlumat verib:

“Xəstəxanaya dünəndən bəri 31 nəfər xəstə müraciət edib. Onlardan 22-nə ambulator kömək göstərilib, 8-i xəstəxanaya yatırılıb, biri isə yanıq mərkəzinə köçürülüb. Onlar müxtəlif dərəcəli travmalarla qəbul olunublar. Hal-hazırda vəziyyətləri stabildir”.

Platformanın rəisi Allahverdi Məmmədov “Sputnik”ə yanğının səbəbləri haqda danışdı:

“Həmən gün külək idi. Özülün şimal hissəsində yerləşən kəmərlərdə qırılma oldu. Külək Şimal-qərb istiqamətində olduğundan, tez bir zamanda platformanı alov bürüdü”.

Onun sözlərinə görə, hadisə zamanı özüldə 63 nəfər var idi. Onlar insanları qayıqlara mindirərək platformanın aşağısına saldılar ki, tüstüdən xilas ola bilsinlər. Qayığa mindirəndən sonra rəhbərliyə məlumat verildi, lakin dalğaların böyük olduğundan xilasedici gəmilər onlara yaxın gələ bilmirdilər.

İtkin düşən şəxslər haqda isə Allahverdi Məmmədov bildirdi ki, onlar yanmayıblar: “Onların yanması mümkün deyil, çünki özüm onları bir-bir qayığa mindirmişəm”.

“Platformadakı yanğın güclü küləkdən baş verdi. Qəfildən güclü partlayış oldu. Bizə əvvəlcədən xətlərlə bağlı xəbərdarlıq edilməmişdi” – bu sözləri isə xəstəxanada müalicə olunan energetik Ənvər Əliyev deyib. Onun sözlərinə görə, neft-qaz platformalarında belə hadisələrin baş verməsi əslində o qədər də təəccüblü deyil: “Çünki neftçi işinin xüsusiyyəti budur. Bu sahədə iş prosesi çətindir. Amma xoşbəxtlikdən o vəziyyətdə ölənlərin deyil, xilas olanların sayı çox oldu”.

Güclü külək və yanğının xilasetmə işlərini çətinləşdirdiyini deyən şahid həmin anları belə xatırlayır: “Biz rezin qayığa mindik, amma az sonra külək qayığı aşırdı. Bu zaman iki nəfər boruların üstünə yıxıldı. Qayıq cırıldı. Həmin vaxt qayıqda çox adam vardı. Qayıq parcalananda iki nəfər xilas oldu. Biz iki nəfər isə suya düşdük. Su soyuq olsa da üzüb çıxa bildik. Qalanları isə yəqin ki, batdı. Mənim daha sonra onlardan xəbərim olmadı”.

Ə.Əliyev necə xilas edilməsindən də söz açdı: “Xilas edicilər gəlməsəydilər, biz ölərdik. Həmin məqamda xilasetmə işləri çox riskli idi. Güclü külək əsirdi, su soyuq idi, hündür dalğalar vardı. O uşaqlar özlərini niyə təhlükəyə atmalarının səbəbini sonradan açıqladılar. Dedilər ki, biz neftçilərin başına gələn hadisəni izlədik və dözə bilmədik”.

Digər neftçi, özüldə operator işləyən Mais Abbasov da hadisənin qəfil baş verdiyini dedi: “Yanğın əslində texniki səbəblərdən yox, güclü küləkdən baş verdi. Partlayış baş verən kimi bütün heyət üzvləri qaçıb qayıqlara doluşduq. Həmin dəhşətli vəziyyətdə xilas olmağın özü bir möcüzədir. Baş verənlərə hələ də inana bilmirəm”.

Şahidlərin sözlərinə görə, suya düşənlərin sağ qalma ehtimalı azdır, “Çünki hava şəraiti pisdir. Su dondurucu dərəcədə soyuqdur, dalğalar isə xilasetməyə mane olur”.

Bütün cəhdlərə baxmayaraq, əfsuslar olsun ki, SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb.

Sputnik xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov yaradılan operativ qərargahda keçirilən brifinqdə deyib.

"Bir müddət öncə dənizdə olan qərargahımızla danışdım. SOCAR-ın prezidenti Rövnəq Abdullayev özü də qərargahdadır. Əsas xilasetmə işləri ilə Sərhəd Xidmətinin 7 gəmisi və 4 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri, "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin ərazidə işləyən bütün gəmiləri məşğuldur. Dənizin üzərində gödəkçələr tapılıb. Xilasedicilər həmin əşyaları götürdü. Bununla yanaşı, suyun üzərində xilasetmə qayığının sınan bir hissəsi aşkarlanıb. Əfsuslar olsun ki, itkin düşən əməkdaşlamızdan tapılan olmayıb", — deyə X. Məmmədov bildirib.

Xəbər lenti
0