BAKI, 7 dek-Sputnik. Dekabrın 4-də "Günəşli" yatağında 10-cu dərin dəniz özülündə baş vermiş qəzadan sonra itkin düşənlərdən biri də Mingəçevir sakini İnqilab Osman oqlu İsgəndərovdur.
Sputnik Modern.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Mingəçevirdən seçilən deputatı Aydın Mirzəzadə məlumat verib.
"29 noyabr 1957-ci ildə Mingəçevirdə anadan olub, ixtisasca nəqliyyatçıdır, ancaq axırıncı 10 ili dənizdə işləyib. İki övladı var, qızına bu ilin aprelində, oğluna isə sentyabr ayında toy edib.
İnqilabın 10 gün əvvəl ad günü olub, o doğum günün dənizdə keçirib. Ona təbrik üçün zəng edənlərə " Ad günümü sahilə qayıdanda qeyd edərik" deyirmiş." — deyə Aydın Mirzəzadə bildirib. Onun sözlərinə görə, İnqilabın anası Qəmərxanım Mingəçevirdə tanınmış və böyük hörməti olan ibtidai sinif müəlliməsidir.
Aydın Mirzəzadə itkin neftçinin anasının oğlunun sağ qayıdacağına inandığını deyib: "Bu gün zəng edib ona təssəlli verdim. Ancaq ana hələ də oğlunun itkisinə inanmır. Mənə dedi ki, "oğlum mütləq gələcək".