BAKI, 7 dek-Sputnik. Bir yerdə yanğının baş verməsi o boyda platformanın itirilməsi demək deyil. Sadəcə olaraq, biz yanğını söndürən kimi ilk əvvəl yararsız hala düşmüş avadanlıqların demontajı, ondan sonra onların montajı aparılacaq.
Sputnik xəbər verir ki, bu barədə "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov brifinqdə deyib. O bildirib ki, artıq dünəndən bu istiqamətdə işlərin aparılmasına hazırlıq paralel şəkildə gedir
B.Ağarəhimov sosial şəbəkələrdə SOCAR-ın qurumlarından birinin dekabrın 5-də bayram şənliyi keçirməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.
Onun sözlərinə görə, belə bir hadisənin baş verməsi mümkün deyil.
"Günəşli" yatağında baş vermiş yanğının geç söndürülməsinin səbəbinə gəlincə, Balamirzə Ağarəhimov deyib ki, hazırda dənizdə dalğanın hündürlüyü 2,5-3 metrdir: "Bu, əvvəlki günlərə nisbətən çox aşağı dalğa sayılır və normal işləmək ehtimalımızı artırır. Amma bu, özü də müəyyən qədər yanğının söndürülməsinə mane olur".
Dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.