BAKI, 6 dek-Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İham Əliyevə başsağlığı teleqramı göndərib. Teleqramda deyilir: ""Günəşli" neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin.
Həlak olanların doğmalarına və yaxınlarına dərindən kədərləndiyim və dəstəyim barədə sözlərimi, bütün xəsarət alanlara tezliklə sağalmaq arzularımı çatdırmağı xahiş edirəm."
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili isə İlham Əliyevə zəng edib. Gürcüstan prezidenti "Günəşli" yatağındakı platformada baş vermiş yanğın nəticəsində insan tələfatı ilə bağlı dövlət başçısına, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.
Azərbaycan prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.
Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan faciə ilə əlaqədar İlham Əliyevə zəng edərək başsağlığı vermişdi.
Hadisə nəticəsində 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb.
Dekabrın 6-da prezident İham Əliyev hadisə ilə bağlı matəm elan edib.