Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xoşbəxt Yusifzadə: İtkin düşənlərin sağ qalma ehtimalı yoxdur

© salamnewsSOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə
SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Xaliq Məmmədov: Qazaxıstan, Rusiya və İran sərhəd qoşunlarından xahiş etmişik ki, əgər cəsədlər onların sahillərinə çıxsa, bizə məlumat versinlər.

BAKI, 6 dek-Sputnik. Qazaxıstan, Rusiya və İran sərhəd qoşunlarından xahiş etmişik ki, əgər cəsədlər onların sahillərinə çıxsa, bizə məlumat versinlər. Yeddi helikopter axtarışa cəlb olunub. Dövlət qurumlarının rəhbərləri, o cümlədən Rövnəq Abdullayev hazırda dənizdədir. Ölənlərdən Həsənov Ramiz Nüsrəddin oğlunun nəşi çıxarılıb.

Sputnik xəbər verir ki, bu sözləri, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) "Günəşli" yatağında baş verən yanğınla əlaqədar keçirilən mətbuat konfransında deyib. "İşçilər qaydaya uyğun olaraq davranıblar, suya düşə bilməyiblər, çünki dalğa böyük idi, yuxarıda qala bilmirdilər, çünki yanğın idi. O biri qayığı isə külək həmin qayığı platformanın ayaqlarının arasına sıxışdırıb. Elə bil ki, əllə ora qoymuşdun. Bu qayığın sağ çıxması və təbii hadisənin özü də bir möcüzə idi" — deyə Məmmədov əlavə edib.

Konfransda şirkətin digər vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib ki, yaradılan komissiyanın rəhbəri Artur Rasizadə neft şirkətinin rəhbərliyi ilə görüşüb:

"Dekabrın 4-də bərk külək oldu və çox davam etdi, 27 saat davam etdi. Küləyin uzun zaman qalması dalğanı 8-10 metrə çatdırdı. Dalğanın gücünü qaz borusu saxlaya bilmədi və partlayış oldu. Birdən-birə işıqlar sönüb, işçilər özlərini itiriblər. Amma təlimata uyğun davranaraq qayıqlardan istifadə edərək xilas olmağa çalışıblar. Belə hesab ediblər ki, dalğanın hündürlüyü çox olduğu üçün tam suya düşməyib müəyyən hündürlükdə gözləmək qərarına gəliblər. Fikirləşiblər ki, ora gələn gəmilər onları xilas edəcək. Ora çoxlu gəmi gəlsə də, heç biri dalğalara görə yaxınlaşa bilmədilər. Gecə saat 22:30 radələrinə qayıqlardan birinin ipi qırılıb, adamlar suya tökülüb. Hamısının təhlükəsizlik jileti olub. Onlardan üçü çıxarılıb, o birilər axtarılır. Digər qayıqdakılar hamısı salamat xilas olunub. İndi əsas məsələ itkin düşənləri tapmaqdır. Azərbaycanın bütün qurumlarının gəmiləri, vertolyotlar onların axtarışına çıxıb. Bizim əsas işimiz onları tapmaqdır".

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban mətbuat konfransında deyib ki, bundan öncə hadisə "Bulla"dakı qaz yatağında, indi isə neft quyularında baş verib. O, X,Yusifzadədən "Günəşli" yatağının nə vaxt tikilməsi və digər məsələlər barədə məlumat verməyi xahiş edib. X.Yusifzadə deyib ki, hadisə baş verən yerdə 28 quyu var. Onlardan 26-ı neft quyusudur, onun da ikisi işlək vəziyyətdə deyil. Hadisə baş verəndən dərhal sonra da ora gələn borular bağlanıb. Amma necə olubsa, yanğın başqa bir quyuya da keçib. "Onunla da heç nə olmaz. Həmin quyu çox güman ki, günün sonuna kimi söndürüləcək. Platforma 1984-cü ildə tikilib, istismar müddəti 50 ildir. Neft hasilatı 950 ton, qaz isə 1 milyon kub metrdir. Bizim maddi itkimiz budur. Nə qədər ki, bu quyunu söndürməmişik itkimiz davam edəcək" — deyə Yusifzadə bildirib. O, qeyd edib ki, itkin düşənlərin hamısı neftçi deyil, orada tikinti işçiləri də var: "Yanan qaz yox, neft quyusudur.

Hazırda 29 nəfər itkin düşmüş sayılır. Partlayışdan öncə itkin düşən şəxslərin də axtarışı davam etdirilir. Bundan sonra papağımızı qabağımıza qoyub fikirləşəcəyik ki, təbii hadisə də olsa, bundan sonra baş verə bilməməsi üçün nələr edə bilərik. Biz qonşu ölkələrdən kömək istəməyəcəyik, özümüz hər şeyi həll edə biləcəyik. Bizə heç kimin köməyi lazım deyil."

Vitse-prezident itkin düşənlərin sağ qalması ehtimalının olmadığını bildirib. O deyib ki, hər hansı təxribat ehtimalına inanmır. Amma bu variantı da yaradılan komissiyaya daxil olan Milli Təhlükəsizlik Nazirliyi araşdırır".

Xəbər lenti
0