BAKI, 6 dek-Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam verib.
Sputnik prezident.az saytına istinadən xəbər verir ki, prezidentin sərəncamda deyilir:
"2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə güclü qasırğanın doğurduğu qəza nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Xəzər dənizində itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir.
Qəza nəticəsində həlak olanların ailələrinin dərin kədərinə şərik olaraq qərara alıram:
2015-ci il dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilsin."