BAKI, 6 dek-Sputnik. "Günəşli" yatağındakı 10-cu platformada baş verən yanğın nəticəsində itkin düşən 30 nəfərdən hələ də bir xəbər yoxdur.
"Neft daşları"nda çalışan Taleh Hüseynov adlı işçi facebook şərhində qeyd edib ki, hazırda dənizdə kulək sakitləşsə də, yanğına yaxın durmaq mumkun deyil. Gəmilər və helekopterlər itkin duşənləri axtarırlar. Qəzadan dərhal sonra dənizə endirilən qayıqlardan birini hələ də tapa bilməyiblər. O qayıqda olan işçilərin taleyindən də bir xəbər yoxdur.
Dekabrın 4-də dənizdə baş qaldıran güclü küləyə qaz borularından biri tab gətirə bilməyib və qırılıb. Bu zaman partlayış baş verib. Yanğın qısa zamanda bütün platformanı bürüyüb.
Qeyri-rəsmi xəbərlərdə partlayış zamanı yaxınlıqda olan neftçilərdən ölən və xəsarət alanların olduğu bildirilir.
Yanğından qorunmaq istəyən fəhlələr platformada olan rezin qayıqları dənizə sallayaraq xilas olmağa çalışıblar. Platformada olan iki rezin qayıq kəndirlərlə dənizə buraxılıb. Lakin şiddətli küləyin yaratdığı 6-7 metrlik dalğalar qayıqların suya salınmasına imkan verməyib.
Birində 30-a yaxın, digərində isə 36 neftçinin olduğu qayıqlar saatlarla platformanın kənarında asılı qalıb.
Neftçilərin əksəriyyətində xilasedici jilet olmayıb. Hündür dalğalar qayıqları platformaya çırpıb.
Neftçiləri xilas etməyə gələn vertolyotlar yanğına görə, gəmilər isə güclü külək və dalğa səbəbilə neftçilərə yaxınlaşa bilməyiblər.
Qayıqlardan birinin ipi qoparaq dənizə düşüb. 36 neftçi dalğalar arasında qalıb. Onlardan 4 nəfəri xilasedicilər tərəfindən 5 dekabrda səhər saatlarında tapılıb. Digər 32 nəfərdən xəbər yoxdur. Çıxarılan 4 nəfərin xilasedici jileti olub. Onlardan da biri soyuqdan ölüb.
Digər qayıqda olan neftçilər xilas edilib. Onların sayının 26 olduğu bildirilir. Hazırda platformada yanğın davam edir. Partlayış zamanı ölənlərdən xəbər yoxdur.
Son açıqlanmış rəsmi məlumatlara görə, hadisə zamanı özüldə olanlardan 32 nəfər xilas olub, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb.
İtkin düşənlərin böyük ehtimalla həlak olduğu bildirilir.
"Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində təxliyə olunanlardan 31 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib.
Xəstəxananın baş həkimi Həbib Yüzbaşıyevin verdiyi məlumata görə, xəstələrdən 22 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
8 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Onların müalicəsi davam etdirilir. Yanıq xəsarətləri ilə daxil olmuş bir nəfər isə Respublika Yanıq Mərkəzinə göndərilib.
Stasionara qəbul olunan xəstələrin siyahısı və diaqnozları belədir:
Rəcəbov Mərdan-qabırğa sınığı
Məmmədov Allahverdi-bazunun sınığı
Əliyeva Məlahət-bel fəqərəsinin sınığı
Hüseynov Rəşid-kəllə beyin silkələnməsi
Abbasov Mais-alın nahiyyəsinin kəsilmış, cırılmış yarası
Əliyev Ənvər-alın nahiyyəsinin burun göz altı yarası
Cəfərov Faiq-hipotermiya,başın yumşaq toxumaların əzilməsi
Orucov Atakişi-hipotoniya,yumşaq toxumaların əzilməsi