Yağan qar Ağsu aşırımında hərəkəti çətinləşdirib

© © faktxeberQarlı Ağsu aşırımı
Qarlı Ağsu aşırımı - Sputnik Azərbaycan
Abunə olmaq
Ağsu, İsmayıllı, Qəbələ və Şamaxının dağ kəndlərində, Muğanlı-İsmayıllı-Qəbələ yolunun bəzi ərazilərində yollar qarla örtülüb, nəqliyyatın hərəkəti çətinləşib.

BAKI, 4 dek-Sputnik. Ağsu, Şamaxı, Qəbələ və İsmayıllı rayonlarına yağan güclü qar nəticəsində Şamaxı-Ağsu və Muğanlı-İsmayıllı-Qəbələ yolunun bəzi yerlərində nəqliyyatın hərəkətində çətinlik yaranıb.

Sputnik APA-ya istinadən xəbər verir ki, dünən səhər saatlarından başlayaraq həmin dağ rayonlarına yağan qar bu gün səhərədək davam edib. Ağsu, İsmayıllı, Qəbələ və Şamaxının dağ kəndlərində, Muğanlı-İsmayıllı-Qəbələ yolunun bəzi ərazilərində yollar qarla örtülüb, nəqliyyatın hərəkəti çətinləşib. Hazırda qar yağır və çox az sayda avtomobil bu yollarda hərəkət edir. Güclü küləklə müşahidə olunan qarın yağması Qəbələ və İsmayıllının ucqar dağ kəndlərində rabitə və elektrik xətlərinə ziyan vurub. İki rayonda 20-yə yaxın kəndə elektrik verilişi dayanıb və hazırda onun bərpası üçün tədbirlər görülür.

Bu rayonların aran hissəsinə 10-15 santimetr, dağlıq ərazisinə isə 20-25 santimetr qalınlığında qar yağıb. Ağsu aşırımında və Muğanlı-İsmayıllı yolundakı dolaylarda nəqliyyatın hərəkətinin məhdudlaşmaması üçün ağır texnikalar və yol istismar idarələrinin kollektivi əraziyə cəlb olunub. Gecə səhərədək və hazırda yolların təmizlənməsi üçün işlər görülür. Xüsusi təyinatlı avtomobillə gün ərzində bir neçə dəfə yola qum, duz və xırda daş səpilib. Dolaylarda yolun hərəkət hissəsi qar və buzdan təmizlənib, avtomobillərin intensiv hərəkəti bərpa olunub. Dekabrın 4-dən 5-nə keçən gecə yolların buz bağlayacağı ehtimalı olduğu üçün yol işçiləri üç növbəli iş rejiminə keçiblər və qabaqlayıcı tədbirlər görülür.

Xəbər lenti
0