BAKI, 4 dek-Sputnik. Bu gün Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.
Sputnik xəbər verir ki, layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Məcəlləyə əlavə edilən 51.1-1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə edilir.
Millət vəkili Elmira Axundova qanun layihəsinə qarşı çıxıb: "Tutaq ki, bir çox yüksək təhsil verən, şagirdləri ali məktəbə hazırlayan özəl orta məktəblərdə davamiyyət problemi yoxdur. Ancaq bir sıra məktəblərdə davamiyyət ona görə azdır ki, şagirdlər repetitorlar vasitəsi ilə ali məktəbə hazırlanır. Orta məktəbə pul məsələsini gətirməyək, başqa hallara yol açacaq".
Vitse-spiker Bahar Muradova isə dəyişikliyin hansı səbəbdən gündəliyə gəldiyinin məlum olduğunu qeyd edib: "Bəzən uşaq evdə hansısa işlərə cəlb edilir və valideynlərinə kömək edir. Bir sıra hallarda isə uşaqların dini təhsil almasına üstünlük verilir, bəzi valideynlər tərəfindən erkən nikahlar qurulması təşviq edilir. İstənilən halda valideyn məsuliyyəti daşıyırsa, niyə valideyni məsuliyyətdən kənarlaşdırmalıyıq?! İcbari təhsilə görə tək dövlət yox, valideyn də məsuliyyət daşıyır. Son hadisələr zamanı uşaqların bəzi hərəkətlərinə əl çalanlar ağsaqqallar deyildilər? Son hadisələr bizə çox şey öyrətməlidir və təklif edilən mexanizm normal bir mexanizmdir".
Millət vəkili Qüdrət Həsənquliyev dünyanın inkişaf etmiş ölkələrində uşaqlarını təhsil almağa qoymayan valideynlərin cərimələndiyini, hətta valideynlik hüququndan məhrum edildiyini xatırladıb.
Daha sonra çıxışlar yekunlaşıb və layihə səsverməyə çıxarılaraq qəbul edilib.