BAKI, 4 dek —Sputnik. Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa Məhəmməd Əmin Rəsulzadəni təhqir etməkdə günahlandırılan həmkarı Naqif Həmzəyevin hərəkətlərini qınayıb.
Sputnik-in məlumatına görə, Fazil Mustafa deyib ki, tarixi şəxsiyyətlər haqqında ziddiyyətli fikirləri hər kəs deyə bilər. Amma dövlətin qurucusu olan şəxs haqqında Azərbaycan vətəndaşı hansısa neqativ fikir səsləndirirsə, deməli, o, bu dövlətin vətəndaşı olmaqdan məmnunluq duymur. "Biz 1918-20-ci ildə mövcud olan dövləti bərpa etmişik, onun varisiyik. Hər kəsə qarşı tənqidi fikir söyləmək olar, amma təhqiramiz fikir söyləmək, hörmətsiz yanaşmaq qətiyyən yolverilməzdir. Deputat etikası var. Milli Məclisdə ən azı rəhbərlik səviyyəsində bu məsələyə münasibət bildirilməlidir ki, gələcəkdə təkrarlanmasın" — deyə Fazil Mustafa əlavə edib.
F.Mustafa Rəsulzadənin Gəncədəki büstünün üzərindən çuvalın götürüldüyünü də xatırladıb: "Bu, sevindirici haldır. Ən azı, burda müəyyən tənqidlərin olmasından sonra belə bir addımın atılması çox vacib idi. Biz AXC-də olanda indiki hakimiyyətə, Heydər Əliyevə qarşı çox kəskin, barışmaz mübarizə aparmışıq. Amma Əbülfəz Elçibəy rəhmətə gedəndə Heydər Əliyev gəlib onun məzarının başında duranda, inanın ki, cəbhəçilərin böyük əksəriyyətində onun şəxsiyyəti ilə bağlı fikir, düşüncə 180 dərəcə dəyişdi. O miqyasda olan adam bilirdi ki, Azərbaycan prezidenti olmuş bir şəxsin siyasi mövqeyini qəbul etməmək, hansısa mövqeyini müsbət qiymətləndirməmək olar, amma hörmətsiz yanaşmaq olmaz. Ölkə prezidenti İlham Əliyevin bəlkə də ən böyük addımlarından biri "Eks-prezidentlərin statusu haqqında" qanunun qəbuluna təşəbbüs etməsi oldu. Azərbaycanın eks-prezidenti Mütəllibova kiminsə münasibəti müsbət olmaya bilər. Amma təsəvvür edin ki, Azərbaycan prezidenti olmuş bir şəxs xaricdə dünyasını dəyişəydi, bu, Azərbaycan haqqında hansı imici yaradardı? Dövlətin prezidenti, qurucusu olmuş şəxslərə hörmətsiz yanaşmaq yolverilməzdir. Mən bunu qınayıram və istərdim ki, həm YAP, həm də Milli Məclis bu məsələyə münasibətini bildirsin".
Fazil Mustafanın təklifinə münasibətini bildirən vitse-spiker Ziyafət Əsgərov deyib: "Fazil bəy siz hüquqşünassınız. Bir məsələ haqqında mövqe bildirəndə məsələni araşdırmaq lazımdır. Mən Naqif müəllimin müsahibəsini oxudum, o deyir ki, mən belə söz deməmişəm. Hər halda, bu məsələ araşdırılmalıdır, müsahibə götürənlə müsahibə verən arasında. Məsələ araşdırılandan sonra nəsə demək olar. Müxbir deyir deyib, bu kişi də deyir deməyib. İndi biz nə münasibət bildirək? Həm qəzet redaksiyası,həm də Naqif Həmzəyev oturub danışarlar, sonra münasibət bildirmək olar".
Bir neçə gün əvvəl "Yeni Müsavat" qəzeti Milli Məclisdə Gəncəni təmsil edən deputat Naqif Həmzəyevin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni təhqir edən ifadələr işlətdiyini yazmışdı.