Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin cari statusu, qarşıdan gələn dövr ərzində Minsk qrupunun fəaliyyət proqramı, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. E. Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində tezliklə həllinə nail olmaq üçün Minsk qrupu həmsədrlərinin səylərinin artırılmasının vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həll etmirlər, onun müharibəyə çevrilməsinin qarşısını almaqla məşğuldurlar:
“Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi 2015-ci ildə son dərəcə dalana dirənmişdir. Bu baxımdan 2015-ci ili uğursuz bir il hesab etmək olar. 2014-cü ildə üç dəfə həmsədrlər prezidentlərlə görüş təşkil edə bilmişdilərsə, artıq bu ilin dekabr ayıdır, amma, il ərzində bir dəfə də görüş təşkil olunmayıb. Parisdə prezidentlərin görüşü haqqında ilkin razılaşma olması haqqında həmsədrlər fikir söyləsələr belə, faktiki olaraq Paris görüşü də alınmadı. İndi Belqradda həmsədrlər Xarici İşlər Nazirləri ilə görüşdə bu məsələni yenidən gündəmə gətiriblər. Çalışırlar ki, heç olmasa bu il ərzində bir dəfə prezidentlər səviyyəsində görüşə nail ola bilsinlər. Hesab edirəm ki, bu həmsədrlərin özü üçün daha çox vacibdir. Çünki, onlar faktiki olaraq bu münaqişəni həll etmirlər münaqişənin müharibəyə çevrilməsinin qarşısını almaqla məşğuldurlar”.
Politoloq Qabil Hüseynli isə Azərbaycan tərəfinin prezidentlərin görüşünə razılıq verdiyini düşünür:
“İki ildən çoxdur Azərbaycan bu istiqamətdə Rusiya ilə fəal danışıqlar aparır. ATƏT-in Minsk qrupundan bir şey çıxmayandan sonra Azərbaycan öz nəzərlərini Rusiyaya çevirdi və bilirik ki, Ermənistanın açarı Rusiyanın əlindədir. Yəni erməniləri Dağlıq Qarabağın kənarındakı rayonları qaytarmağa yalnız Rusiya məcbur edə bilər. Azərbaycan prezidenti də Ermənistan prezidenti ilə görüşməyə yalnız bu şərtlə razı olubdur ki, gündəlikdə konkret məsələ olsun. İndi ehtimal irəli sürülür ki, Ermənistan mərhələ-mərhələ yəni əvvəl 5 rayonu sonra isə 2 rayonu qaytarmağa razıdır”.
“Ermənistan prezidentinin münaqişənin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirmədiyi halda, prezidentlər səviyyəsində keçiriləcək görüşdən hər hansı bir nəticə gözləmirəm” – deyə politoloq Elman Nəsirov qeyd edib:
“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı da Azərbaycan torpaqlarının işğaldan azad olunması haqqında Ermənistan mətbuatında müəyyən mövqelər səslənmişdir. Eyni zamanda Amerikalı həmsədr Ceyms Uorlik işğal altındakı 7 rayonun qaytarılmasının vacibliyini önə çəkmişdir. Yəni bütün bu reallıqlar fonunda bu qənaətə gəlmək olardı kı, münaqişənin həlli ilə bağlı ölü nöqtədən tərpəniş tendensiyası var. Amma, Paris danışıqları da alınmadı indi isə həmsədrlər Belqraddan çıxış yolları axtarırlar. Hesab edirəm ki, çox böyük əziyyətlər hesabına əldə olunacaq bir görüşün kəmiyyət dərəcəsi ola bilər,amma, bunun keyfiyyət əmsalına inanmağım gəlmir. Çünki, Ermənistanın prezidentinin münaqişənin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirəcəyinin ilkin işartıları belə yoxdur”.
ATƏT-in Minsk qrupunun həmsədrləri Belqradda Fransanın dövlət katibi Harlem Desirlə görüşüblər. Bu barədə amerikalı həmsədr Ceyms Uorlik öz “twitter” səhifəsində yazıb. “Fransanın dövlət katibi ilə BelqraddaDağlıq Qarabağ münaqişəsini müzakirə etməkdən məmnunuq. Biz birlikdə işləyəcəyik” — deyə, tvitdə bildirilir.
Qabil Hüseynlinin fikrincə həmsədrlərdən daha çox Rusiya münaqişənin həllinə səy göstərir:
“Son zamanlar Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi, Türkiyə tırlarının Azərbaycanın ərazisindən buraxılması, Türkiyə tərəfindən verilən müəyyən bəyanatlar, Davudoğlunun səfəri Rusiyada müəyyən qıcıq reaksiyası oyada bilər. Amma, inanmıram ki, bötüvlükdə Dağlıq Qarabağa danışıqlara hansısa ziyan gətirsin. Yalnız ola bilər ki, prezidentlərin görüşünün vaxtı müəyyən qədər uzadılsın. Tutalım ki, prezidentlər bu ilin axırına doğru görüşməliydi, ola bilər ki, bu görüş bu il baş tutmasın gələn ilin əvvəllərində baş tutsun. Amma, işğal edilmiş rayonların geriyə qaytarılması gündəmdədir və yəqinki bu məsələ öz həllini tapacaq”.
Millət vəkili Elman Nəsirov isə Qərblə Rusiya arasında yaşanan gərginliyinin münaqişənin həllinə təsirindən danışıb:
“Bəli, Qərbin indi çalışma tendensiyası var. Ara-sıra Qərbin xüsusilə Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda bu tendensiya daha diqqəti cəlb eləyir. Amma, mən hər zaman bu mövqeyi müdafiə etmişəm ki, Qərblə Rusiyanın münasibətləri gərginləşdikcə bu münaqişənin də həlli imkanları bir o qədər məhdudlaşmış olur. ABŞ və Fransanın həmsədr kimi bir tərəfdən Rusiyanın isə digər tərəfdən münasibətləri yaxşılaşacağı təqdirdə isə münaqişənin həlli ilə bağlı mövqelərdə də müəyyən mənada ortaq məxrəcin tapılması ehtimalı artır. Amma, hazırda onlar iki cəbhədə həm Ukranya böhranı cəbhəsində, həm Türkiyə-Rusiya münasibətlərində yaranmış yeni gərginlik cəbhəsində qarşı duran tərəflərdisə, başqa bir cəbhədə yəni Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə yaranmış cəbhədə ortaq məxrəcə gəlməsi ehtimalı o qədər azalmış olur. Hesab edirəm ki, bunlar bir-biri ilə sıx bağlı məsələdir”.
Qeyd edək ki, dekabrın ikisində Belqradda ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı keçirilib.