Neftin qiymətinin qalxacağına ümid edirik

© Sputnik / Vitaly PodvitskiOil on Troubled Waters
Oil on Troubled Waters - Sputnik Azərbaycan
Abunə olmaq
Qazaxıstanlı ekspert: “Bizim neft məhsulları qiymətlərimiz Avropadakı qiymətlərdən xeyli azdır”

Neftin qiymətinin qalxacağına ümid edirik
1-3 dekabr tarixlərində Bakıda "MDB ölkələrində neft emalı və neft kimyası həftəsi"nin 19-cu illik konfransı keçirilib. Konfrans Neft Sənayesi Ümumdünya Assosiasiyası tərəfindən təşkil olunub və neft emalı zavodlarının inkişafında yeni texnologiyaların tətbiqi və inkişafı sahəsində ən böyük hadisə kimi dəyərləndirilir.

Konfransda Qazaxıstan Respublikasından nümayəndə heyəti də iştirak edib. Suallarımızı Qazaxıstanın “ORGANIC” neft məhsullarının müstəqil ekspertiza mərkəzinin direktoru Akmaral Kalmuratova cavablandırıb:

- Qazaxıstanda neft istehsalı xərclərinin azaldılması və neft məhsularının keyfiyyətinin artırılması üçün nə işlər görülür?

— Bizim ölkədə tam sürətlə zavodların müasirləşməsi prosesi gedir. Müasirləşmə və dərin emal kompleksinin daxil olunmasından sonra, zavodlar daha yüksək ekoloji siniflərə keçəcəklər. Bu proses gələcəkdə 4-cü və 5-ci ekoloji sinif standartlarına uyğun yanacaq buraxmağı nəzərdə tutur. Müasirləşmə 2017-ci ildə başa çatacaq, 2018-ci ilin yanvarından isə bizim zavodlar benzin və dizel yanacağına görə avro-2 standartından avro-4 və avro-5 standartlarına keçəcəklər. Mən hesab edirəm ki, bizim və sizin ölkələrdə resurslar olduğu üçün, biz neft məhsullarını tam idxal etmirik, özümüz istehsal edirik. Ona görə də, zavodları müasirləşdirmək məhsul idxal etməkdən daha çətindir. Sizdə də zavodların müasirləşməsi prosesi gedir. Mən dünən eşitdim ki, sizdə bu proses 2022-ci ildə tamamlanacaq, bizim zavodlar isə artıq tam gücü ilə müasirləşirlər və 2017-ci il üçün daha yüksək ekoloji keyfiyyətli yanacaq buraxacaqlar.

- Neft məhsullarının qiymətləri haqda təxminləriniz necədir: onlar qalxacaq ya enəcək?

— Mən düşünürəm ki, neft məhsullarının qiymətləri qalxacaq, çünki bütün zavodlar müasirləşir. Onlar dərin emal kompleksini daxil edəcəklər, bu emal isə daha çox xərclər tələb edir. Təbii ki, bu da neft məhsullarının maya dəyərində əks olunacaq. Lakin hər bir halda, bizim neft məhsulları qiymətlərimiz Avropadakı qiymətlərdən xeyli azdır. Qiymətlərdən danışsaq, hal-hazırda bizdə Aİ-92 benzininin bir litrinin qiyməti 50 sentdən aşağıdır. 

- Sizcə istehlakçı üçün nə daha önəmlidir: neft məhsullarının keyfiyyəti və ya onların qiyməti?

— Keyfiyyət üzrə mütəxəssis kimi, mən hesab edirəm ki, ən əsas keyfiyyətdir. Nəyə görə? Çünki, mən sizin də avtomobil nəqliyyatınızı gördüm. Sizin maşınlar çox müasirdir. Qazaxstanda da əhali müasir maşınlar sürməyi xoşlayır. Siz bilirsiz ki, müasir maşınlarda avro-4 və avro-5 standartlarına uyğun mühərriklər quraşdırılıb. Təbii ki, belə “atları” olan avtomobil həvəskarları üçün ilk növbədə qiymət deyil, keyfiyyət vacibdir. Öz ölkəmdə mən, keyfiyyətin yüksəldilməsi üçün mübarizə aparıram və düşünürəm ki, bizim hamımızın avro-5 sinfinə aid yanacaq dolduracağımız vaxt gələcək.

- Bizim şəhər haqda təəssüratlarınızı gölüşməyinizi istərdik.

— Çox xoşuma gəldi. Mən ilk dəfədir Azərbaycanda, Bakıda oluram. Biz zavodlarda gəzintidə olduq. Bizim bütün zavodlar Sovet dövründə tikilib və çox oxşardılar. Çox sevindiricidir ki, bizdə olduğu kimi, sizdə də müasirləşmə prosesi başlayır. Bu, daha keyfiyyətli yanacaqların buraxılmasına gətirib çıxaracaq. Şəhər özü isə mükəmməldir. Burada tək konfransda işləmək deyil,istirahət etmək də çox xoşdur. Bir neçə dəfə bulvarda oldum. Bulvar çox mükəmməldir, hər şey, hazırlanmasında istifadə olunan tikinti materiallarınadək yaxşıdır. Gəzmək, istirahət etmək, eləcə də sadəcə dəniz havası almaq çox xoşdur. Şəhər memarlığı da gözəldir. Köhnə şəhər və yeni tikintilər həmahəng şəkildə Bakı kimi qədim şəhərdə inkişaf edir.

Xəbər lenti
0