Azərbaycanın xarici dövlət borcunun real səviyyəsi qənaətbəxş həddədir

© Sputnik / Murad OrujovAzərbaycan manatı
Azərbaycan manatı - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Pərviz Heydərov: “Daxili borclanma üzrə limitin qaldırılması dövlətin xairici dövlət borcunun artırılmasının qarşısını almaq məqsədi daşıyır”

Azərbaycanın xarici dövlət borcunun real səviyyəsi qənaətbəxş həddədir
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2015-ci il Dövlət Büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə sərancam imzalayıb. Dəyişikliyə görə, 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 3 dəfə artırılaraq 1,5 milyard manatdan 4,5 milyard manata qaldırılıb. Dəyişiklik 2015-ci il iyulun 15-dən tətbiq ediləcək. Bundan başqa, prezident İlham Əliyev “Azərbaycan Mərkəzi Bankı haqqında” Qanunda da dəyişikliklər edilməsi barədə qanun imzalayıb. Yeni qanunla Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata çatdırılıb. Sərəncama əsasən, Mərkəzi Bankın funksiyalarına ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib etmək, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin etmək məsələsi də daxil edilib. Bununla bağlı “Sputnik” in suallarını iqtisadçı ekspert Pərviz Heydərov cavablandırıb.

-Daxili dövlət borclarının limitinin 3 dəfə atırılmasının arxasında hansı məqsədlər dayanır? Bu dəyişiklik manatın məzənnəsinin saxlanılması üçün faydalı olacaqmı?

— Daxili borclanma istənilən ölkədə xarici dövlət borcundan daha uyğun iqtisadi siyasət hesab olunur. Bizdə daxili borclanma limitinin artırılmasının hansı mexanizm üzrə həyata keçiriləcəyi bir qədər sual doğurur. Ona görə ki, ölkədə qiymətli kağızlar bazarı daxili borclanmanının effektli şəkildə həyata keçirilməsi üçün istənilən səviyyədə inkişaf etməmişdir. Daxili borclanma əsas etibarı ilə Mərkəzi Bankın bu və ya digər iri strukturlara müvafiq kredit resursların ayrılması hesabına həyata keçiriləcək. Mərkəzi Bank tərəfindən ARDNŞ-ə kredit resursları əvvəlki illərdə də ayrılıb. Bu tendensiya Mərkəzi Bank tərəfindən daha geniş müşahidə edilirdi, bir ara buna müəyyən fasilə verildi. Lakin, indi daxili borc limitinin qaldırılması yenidən Mərkəzi Bank tərəfindən iri strukturlara müvafiq kredit resurslarının ayrılması tendensiyası yenidən özünü göstərməyə başlayacaq. Yəni bunun müsbət cəhəti ondan ibarətdir ki, borclanma əsasən ölkə daxilində həyata keçirilir və xaricdən kredit vəsaitlərinin cəlb edilməyindənsə bu daha əhəmiyyətlidir. Xaricdən cəlb olunan vəsaitlər müəyyən müddətə və kifayət qədər yüksək faizlə verilir və bunun qaytarılması sonradan ciddi problemlər yaradır. Amma, daxili borclanmada dövlət bu məsələləri daha rəvan şəkildə nizamlaya bilir. Daxili borc səviyyəsinin artırılmasının bilavasitə hansı mexanizm üzrə həyata keçirilməsindən çox şey asılıdır. Bir var ki qiymətli kağızlar üzrə dövlət istiqrazlarının buraxılması yoluyla əhalidən və ya hansısa qurumlardan nəğd vəsaitlərin seçilməsi, bir də var ki, Mərkəzi Bankdan iri dövlət strukturlarına, səhmdar cəmiyyətlərinə kredit resurslarının ayrılması bunlar başqa-başqa məsələlərdir. Bunun birinci variantında dövlət istiqrazlarının buraxılması yoluyla dövrüyədən sərbəst pul kütlələrinin çəkilməsi əslində manatın məzənnəsi üçün müsbət əhəmiyyət kəsb eləyir. Amma, ikinci istiqamətdə Mərkəzi Bankdan bu və ya digır strukturlara kredit resurslarının ayrılması  dolayı yolla manatın məzənnəsinə bu və ya digər formada mənfi təsir eləyə bilər. Hesab edirəm ki, hökümətin bunun qarşısını almaq üçün müvafiq addımları da olacaq. Ona görə daxili borc səviyyəsinin artırılmasının manatın məzənnəsi üçün ciddi təhlükə törədəciyini gözləmirəm.

-Bu qanun ölkə iqtisadiyyatına nə kimi faydalar verə bilər?

— Bu müvafiq lahiyələrin həyata keçirilməsinə dövlət dəstəyinin əldə olunmasıdır. Yəni bir var dövlət birbaşa investisiya siyasəti həyata keçirə, bir də var ki, bu və ya digər strukturların lahiyələrinin həyata keçirilməsi üçün dövlət Mərkəzi Bankın vəsaitləri hesabına müvafiq kredit resursları ayırır.  Həmin qurumların fəaliyyəti bununla yüksək səviyyəyə qaldırılır və əldə olunan gəlirlərdən də sonradan həmin kredit resursları geri qaytarılır. Yəni bunun iqtisadiyyatın inkişafı üçün mühüm əhəmiyyət kəsb eləyən lahiyələrin reallaşdırılması üçün olduqca mühüm əhəmiyyəti vardır.

-Sizcə, daxili dövlət borcunun artırılması, xarici borc limitinin tənzimlənməsinə necə təsir edəcək?

— Əvvəla Azərbaycanın xarici dövlət borcunun real səviyyəsi qənaətbəxş həddədir. Düzdür, manatın dəyərinin dollara görə ucuzlaşdırılması onun və xarici dövlət borcunun ümumi daxili məhsulda payı 8%- dən 12%-ə yüksəlmişdir. Amma, bu borcun səviyyəsinin artması hesabına deyil, manatın dəyərinin dollara görə ucuzlaşdırılması nəticəsində baş vermişdir. Real olaraq Azərbaycanın xarici dövlət borcunun səviyyəsi olduqca qənaətbəxş həddədir. Ümumiyyətlə götürdükdə isə xarici dövlət borcunun ümumi daxili məhsula görə nisbəti 30% —dan yuxarı təşkil etdikdə bu artıq təhlükəli hesab olunur. Azərbaycanda isə buna hələ çox var. Baxmayaraq ki, xarici dövlət borcunun səviyyəsi qənaətbəxş həddədir, amma, biz bunun artırılmasına meyl etməməliyik. Xüsusəndə bir nəticəyə diqqət yetirmək lazımdır ki, bu və ya digər dövlət strutrlarının, ayrı-ayrı qurumların xaricdən aldıqları kredit resursları üzrə yaranan borclarda sonradan dövlətin vəsaitləri hesabına ödənilməli olur.Yəni bu tendensiya o qədər də müsbət qiymətləndirilə bilməz. Bu nöqteyi nəzərdən xarici dövlət borcunun artmasına diqqət yetirmək lazımdır. Yəni nə qədərdə qənaətbəxş hesab olunsada onun artmasının qarşısını almaq lazımdır. Bax elə bu nöqteyi nəzərdən də daxili borclanma üzrə limitin qaldırılması dövlətin xairici dövlət borcunun artırılmasının qarşısını almaq məqsədi daşıyır.

Xəbər lenti
0