BAKI, 2 dek-Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Zəngin mədəniyyəti, qədim tarixi, dövlətçilik ənənələri və yüksək potensialı olan Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında xüsusi yer tutur, ölkəmizin inkişafında mühüm rol oynayır.
Son illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər görülmüş, müasir avadanlıqlarla təchiz olunmuş yeni təhsil və səhiyyə müəssisələri, idman və turizm obyektləri, mədəniyyət və incəsənət ocaqları inşa olunmuş, bir çox tarixi abidələr bərpa edilmiş, iri sənaye kompleksləri, emal və istehsal sahələri, elektrik stansiyaları istismara verilmiş, Naxçıvan Beynəlxalq Hava Limanının "Şərq Terminalı", Naxçıvan şəhərinin su və kanalizasiya şəbəkəsi yenidən qurulmuş, avtomobil yolları çəkilmiş, küçə və meydanlar, istirahət parkları salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Sərəncamda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 7 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.