“Gürcüstan Dəmir Yolları”nın mətbuat xidmətinin yaydığı məlumata görə, konsorsium yaradılmasında əsas məqsədlərdən biri Çindən Avropaya yük daşınmalarını asanlaşdırmaqdır. Layihəyə əsasən 2016-cı il ərzində Gürcüstan ərazisindən keçərək Çindən Türkiyə və Avropa istiqamətində bir neçə min konteynerin daşınması planlaşdırılır. Həmçinin növbəti ildən etibarən Ukraynadan keçərək Şimali və Şərqi Avropaya yüklərin daşınması nəzərdə tutulur.
Bu layihələr “Çin-Türkiyə-Avropa” transxəzər nəqliyyat marşrutunun imkan və perspektivlərinin təqdimatı zamanı əldə edilib. Hazırki razılaşma isə Rusiya və Türkiyə arasında münasibətlərin gərginləşdiyi bir vaxtda əldə olunub. Nəzərə alsaq ki, iki ölkə arasında gərginlik hələ sona çatmayıb, bu Türkiyənin Rusiyaya qarşı yeni iqtisadi zərbəsi ola bilər. Dövlətlərin yerləşdiyi ərazilərə nəzər saldıqda onların hər birinin Rusiya ilə sərhəd olduğunu görmək olar. Amma əldə olunan razılığa əsasən Çindən daşınan yüklər Rusiya ərazisindən yan keçəcək. Əvvələr isə Rusiya Çindən Mərkəzi Asiya vasitəsi ilə Avropaya daşınan yüklərini çoxu Rusiya ərazisindən keçirdi.
Bununla bağlı suallarımızı politoloq İlqar Vəlizadə cavablandırıb.
- İlqar müəllim, gərginləşən münasibətlər fonunda bir neçə gündür ki, Rusiya Türkiyəyə sanksiyalar tətbiq edir. Türkiyə isə hadisələri soyuqqanlılıqla izləyirdi. Sizcə, bu konsorsiumun yaradılmasında əsas məqsəd nədir? Əldə olunan razılaşmanı Türkiyənin Rusiyanın tətbiq etdiyi sanksiyalara cavab kimi qiymətləndirmək olarmı?
— Düşünmürəm ki, konsorsiumun yaranması məhz bununla bağlıdır. Ona görə ki, bu konsorsiumun yaranması uzun bir prosedurdur. Bu konsorsium ideası əslində 2010-2011-ci illərdə səsləndirilib. 2012-ci ildə isə “Silk vind” adıyla təşəbbüs meydana çıxıb. Bu təşəbbüs iştirak edən ölkələr arasında müzakirə edilməyə başlayıb. Hətta memarandum imzalanıb ki, tərəflər marşurutun üzərində müvafiq işlərin görülməsini öz üzərlərinə götürüblər. Vaxt keçib Çində, Azərbaycanda, Gürcüstanda, Türkiyədə eyni zamanda Özbəkistan və Türkmənistanda müvafiq infrastruktura yaranıb. Bu infranstrukturada həmin lahiyənin həyata keçirilməsinə imkan yaradır. Bu müstəqil bir prosesdir. Heç bir siyasi geosiyasi proseslərdən asılı olmayan bir prosesdir.
-Qazaxıstanda konsorsiumda təmsil olunur, maraqlıdır bu razılaşma Avrasiya İttifaqının işinə necə təsir edəcək?
— Bu razılaşmanının ümumiyyətlə Avrasiya İttifaqına heç bir aidiyyatı yoxdur. Əlbəttə Qazaxıstan burada müstəqil partnyor kimi iştirak edir. Bu isə Qazaxıstanın ölkə olaraq müstəqil siyasətidir, eyni zamanda nəqliyyatla bağlı həyata keçirdiyi müstəqil siyasətdir. Bu Avrasiya İttifaqı ilə birbaşa əlaqəsi olmayan lahiyə çətin ki, Avrasiya İttifaqı səviyyəsində keçirilən toplantılarda da müzakirə olunsun.
-Layihənin ölkəmiz üçün əhəmiyyəti nə ola bilər?
— Bu lahiyə Azərbaycanının nəqliyyat strategiyası ilə tam uzlaşan bir lahiyədir. Nəqliyyat strategiyasının həyata keçirilməsində bu lahiyənin mühüm payı olacaq. Çünki, bu Azərbaycanın tranzit potensialından maksimum istifadəyə imkan yaradacaq. Lahiyəninin həyata keçirilməsi ilə Azərbaycanın dəmir yollarında yük daşınmalar əsaslı şəkildə artacaq. Yük daşımalarda isə fəal rolu şərq partnuyorlarımız oynaycaq. Nəqliyyat coğrafiyasının genişlənməsi Azərbaycanda konnektur rolu oynamağa imkan verəcək. Bu isə iqtisadi proseslərdə Azərbaycanın çəkisini kifayət qədər artacaq. Bunu da nəzərə almaq lazımdır ki, regionda buna bənzər başqa bir alternativ lahiyə yoxdur. Əlbəttə Azərbaycan bu lahiyədə alternativsiz tərəf kimi çıxış edir. Çünki, şimalda Rusiyanın, cənubda isə İranın öz nəqliyat strategiyası var. Bu strategiyalar isə TRASEKA çərçivəsində həyata keçirilən bu proyektlərlə heç də uzlaşmır. Ona görə Azərbaycanın alternativi yoxdur və Azərbaycanda bu alternativsizlikdən istifadə edib öz iqtisadi potensialını artıra bilər.